Bakı. Trend:
Sentyabrın 19-da Milli Məclisdə Konstitusiya və Suverenlik İli çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin komitə və komissiyalarının sədrləri və sədr müavinləri, parlament Aparatının rəhbəri Fərid Hacıyev, aidiyyəti qurumların təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konfransın Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirildiyini bildirib və iştirakçılar adından ona minnətdarlığını ifadə edib.
Parlamentin vitse-spikeri 2024-cü il dekabrın 28-də Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyi nəzərə çatdırıb. O, bunun Azərbaycan Konstitusiyasının 30 illiyi və Vətən müharibəsində qələbəmizin 5 illiyi ilə əlaqədar olduğunu söyləyib. Bu gün Azərbaycan xalqının onun ülvi arzusu olan müstəqil, suveren dövlətə sahib olduğunu qeyd edib.
Ziyafət Əsgərov Azərbaycanın ilk milli Konstitusiyasının 1995-ci ildə, ondan öncə - 1991-ci ildə isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyini və orada milli Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın əks olunduğunu bildirib. O, qeyd edib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. İlk milli Konstitusiyamızın əsas qayəsini hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təsbit olunması və müdafiəsi təşkil edir. Vitse-spiker, həmçinin 2002, 2008, 2016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumların keçirildiyini, orada təsbit olunan müddəalarda vətəndaşların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi, məhkəmə islahatları və digər zəruri məsələlərin əks olunduğunu diqqətə çatdırıb. Konstitusiyamıza əsasən, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısının xalq olduğunu söyləyib.
2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsinin rəmzi məna daşıdığını deyən Ziyafət Əsgərov, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbənin qazanıldığını, lakin tam suverenliyin hələ bərpa edilmədiyini, bəzi ərazilərimizin hələ ki erməni separatçılarının əlində olduğunu qeyd edib. Nəhayət, 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb.
20 sentyabr tarixinin dövlətimiz və xalqımız üçün bir çox əlamətdar hadisələrlə yadda qaldığı bildirilib. Vitse-spiker sentyabrın 20-sinin Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin azad olması günü kimi qeyd edildiyini deyib. 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində imzalanmış “Əsrin Kontraktı”nın əhəmiyyəti, Ulu Öndərin bugünkü suverenliyimizin əldə edilməsində, daxili və xarici siyasətdə qazanılan nailiyyətlərdə misilsiz xidmətlərindən bəhs edib, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Vitse-spiker Konstitusiyanın cəmiyyətin və dövlətin əsaslarını özündə ehtiva etdiyini qeyd edərək, Azərbaycan Konstitusiyasının ölkə vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi baxımından, beynəlxalq hüququn norma və prinsiplərini özündə əks etdirən mühüm əhəmiyyətə malik hüquqi sənəd olduğunu nəzərə çatdırıb.
Sonra konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. O, Azərbaycan Konstitusiyasının preambulasında qeyd edildiyi kimi, müstəqillik, suverenlik və ərazi bütövlüyünün Azərbaycan xalqının ülvi niyyətlərindən olduğunu söyləyib. Bildirib ki, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olduğuna baxmayaraq, xalqımız öz əzmini itirməyib, öz ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətdə daim addımlayıb. Ötən əsrin 1990-cı illərinin əvvəlində ölkədə müşahidə olunan siyasi tənəzzül, daxili çəkişmələr, Konstitusiyanın hüquqi cəhətdən işləmədiyi bir zamanda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimiz üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
Fərhad Abdullayev 1995-ci il noyabrın 12-də ilk milli Konstitusiyamızın qəbul edildiyini qeyd edərək bildirib ki, Ulu Öndərin dediyi kimi, Konstitusiya, əsas qanun olaraq, Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı bütün prioritet məsələləri özündə əks etdirməli, digər bütün qanunlar isə Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilməlidir. O, ilk dəfə olaraq milli Konstitusiyamızda Konstitusiya Məhkəməsi anlayışının verildiyini və Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığını nəzərə çatdırıb. Konstitusiya Məhkəməsinin əsas məqsədinin dövlətin Konstitusiyasının qorunması ilə bağlı olduğunu söyləyib. Konstitusiya Məhkəməsinin fəaliyyəti, keçdiyi inkişaf mərhələləri, səlahiyyətləri, qəbul etdiyi qərarların mahiyyəti, beynəlxalq əlaqələri barədə danışıb. O, habelə, Konstitusiya Məhkəməsi ilə Milli Məclis arasında səmərəli əməkdaşlıqdan bəhs edib.
Konstitusiya Məhkəməsinin sədri, həmçinin hazırda işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işlərinin, o cümlədən “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin həyata keçirildiyini, süni intellektdən səmərəli istifadənin əhəmiyyəti və bunun cəmiyyətimizin gələcəyi üçün vacibliyindən söhbət açıb.
Fərhad Abdullayev Azərbaycan Konstitusiyasının, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi istiqamətində gələcəkdə daha böyük nailiyyətlər əldə ediləcəyinə əminlik ifadə edib.
Konfransda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Parlamentinin müstəqilliyin ilk illərindən müasir dövrümüzə qədər bütövlükdə konstitusionalizmin inkişafına töhfə verdiyini bildirib. Dövlət suverenliyinin hüquqi tarixi aspektlərinin hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. O, Suverenlik və Konstitusiya anlayışlarının bir biri ilə sıx bağlı olduğunu deyib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın suverenliyinin aktual problemləri dərindən öyrənilməyə başlandı. Güclü dövlət quruculuğu yolu seçildi, mükəmməl və müasir Konstitusiya qəbul edildi. Suverenliyin əsas əlaməti olan ərazi bütövlüyünün bərpa olunması üçün xüsusi strateji plan çəkildi.
Komitə sədri bildirib ki, Konstitusiya əsas qanun olaraq xalqla hakimiyyət arasında bir razılaşmadır. Xalq bir suveren kimi hakimiyyətə idarəetməni həvalə edir. Hakimiyyət isə xalqın nümayəndələri tərəfindən qəbul edilmiş ədalətli qanunlar əsasında idarəetməni təmin etmək və xalqa mənsub olan əraziləri xarici təhdidlərdən müdafiə etmək öhdəliyini üzərinə götürür. Bu baxımdan son illər yaşadığımız hadisələr suverenliyin təntənəsidir. Hakimiyyət Konstitusiyada onun üzərinə qoyulmuş bu öhdəliyi şərəflə yerinə yetirib. Belə ki, Azərbaycan 30 ildən artıq dövlət suverenliyinin bütün ərazilərində təmin olunmasından məhrum idi və hazırda bu Suverenlik tam təmin edilib.
Konfransda Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Siyavuş Novruzov, Fazil Mustafa, Zahid Oruc, Hicran Hüseynova, Anar İsgəndərov, Azər Əmiraslanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı çıxış ediblər.
Bildirilib ki, müstəqillik xalqın azadlıq və iradəsinin ən ali ifadəsidirsə, suverenlik bu iradənin hüquqi, siyasi və praktiki təcəssümüdür. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin böyük əzmi, strateji uzaqgörənliyi və qətiyyətli rəhbərliyi nəticəsində dövlətimizin müasir, dünya standartlarına cavab verən Konstitusiyası qəbul olunmuşdur. Bu sənəd yalnız hüquqi baza deyil, eyni zamanda Azərbaycan dövlətçiliyini möhkəmləndirən, xalqı vahid məqsədlər ətrafında birləşdirən milli ideya nümunəsi olmuşdur. Bildirilib ki, Ulu Öndər təkcə siyasi müstəqilliyin deyil, həm də iqtisadi suverenliyin banisi kimi ölkənin gələcək inkişaf modelinin təməlini qoymuş, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına yol açmışdır.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirərək müstəqil Azərbaycanın suverenliyini daha da möhkəmləndirmiş, dövlətin iqtisadi və hərbi qüdrətini artırmış, xalqın rifahını yüksəltmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar və qətiyyətli siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi olan, regional və qlobal miqyasda nüfuzlu bir dövlətə çevrilmişdir.
Konfransa yekun vuran Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Dövlət Müstəqilliyi Gününə həsr olunmuş müzakirələrin səmərəli keçdiyini bildirib, çıxışlarda səslənən fikirlərin aktuallığını qeyd edib. Vitse-spiker Azərbaycan dövlətinin və xalqının gələcək inkişafı, müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilmləsi istiqamətdə birgə səylərin önəmli olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər, Azərbaycan Konstitusiyasının müxtəlif illərdə dərc edilmiş nüsxələri nümayiş etdirilib.
10:00
xxx
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir.
Trend xəbər verir ki, konfrans Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilir.
Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak edirlər.
