Bakı.Trend:
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısında iştirak edib.
Trend xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, 16-18 sentyabr 2025-ci il tarixlərində Albaniyanın Vlora şəhərində keçirilən tədbirin mövzusu "Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı" olmuşdur. Tədbirdə Albaniya Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi, BRAF-ın Baş katibi xanım Dəniz Güçer və QDİƏT-in Baş katibinin birinci müavini xanım Merve Səfa Kavakçı açılış nitqləri ilə çıxış etmişlər.
Toplantı çərçivisində "Audiovizual mediada nifrət nitqi və informasiya azadlığı: İnformasiya azadlığı və ictimai təhlükəsizliyin balanslaşdırılması üçün etik qaydalar və hüquqi çərçivələr" və "Onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı: Onlayn media kontentini tənzimləmək üzrə ictimai məlumatlılıq kampaniyası və beynəlxalq əməkdaşlıq" mövzularında iki panel sessiya təşkil edilmişdir.
Birinci paneldə çıxış edən İsmət Səttarov Azərbaycanda nifrət çıxışları, dini, irqi, cinsi ayrıseçkiliyin qanunla qadağan olunduğunu bildirmiş, bu istiqamətdə Audiovizual Şuranın gördüyü işlər barədə geniş məlumat vermişdir.
Toplantının işində iştirak edən Sədrin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanda media sahəsində baş verən son dəyişikliklər haqqında danışmışdır.
Tədbirin sonunda BRAF-ın növbəti toplantısının Bolqarıstanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, BRAF-ın 11-ci toplantısı 14-16 aprel 2025-ci il tarixlərində Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilmişdi.