Bakı. Trend:
Yaxın bir neçə il ərzində Azərbaycan mülayim inflyasiya, əmək haqqlarının stabil artımı və işsizlik səviyyəsinin tədricən azalması gözlənilir.
Trend bu barədə “Economist Intelligence Unit (EIU)” proqnozlarına istinadən xəbər verir.
EIU proqnozlarına görə, ölkədə inflyasiya səviyyəsi 2025-ci ildə 4,5 faiz olduğu halda 2026-cı ildə 4,6 faizə yüksələcək, 2027-ci ildə isə 4,7 faizə çatacaq.
Orta aylıq nominal əmək haqqlarının isə 2025-ci ildəki 6 faizdən azalaraq 2026-cı ildə 5,2 faizə enəcəyi və 2027-2029-cu ilə qədər hər il 4,5 faiz səviyyəsində sabitləşəcəyi gözlənilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkə iqtisadiyyatında işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki illə müqayisədə 8,1 faiz artaraq 1009,2 manat təşkil edib. Ən yüksək əməkhaqları mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşəkar, elmi və texniki fəaliyyət sahələrində, həmçinin informasiya və kommunikasiya texnologiyaları sektorunda qeydə alınıb.
Bununla yanaşı, proqnozlara görə, işsizlik səviyyəsi 2025-ci ildəki 5,4 faizdən tədricən azalaraq 2029-cu ildə 4,4 faiz olacaq.
