Bakı.Trend:
Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank” ölkənin regional inkişafına töhfə vermək məqsədilə həyata keçirdiyi “Bilik Səfəri” layihəsinin açılış mərasimini Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə keçirib.
Bankın korporativ sosial məsuliyyət proqramı çərçivəsində
reallaşdırılan bu təşəbbüs müasir əmək bazarının tələblərinə cavab
verən yeni mütəxəssislərin yetişdirilməsinə yönəlib. ADA
Universiteti və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi layihənin
tərəfdaşları olaraq çıxış edirlər. Layihəyə qoşulmaq üçün
qeydiyyatdan keçənlər arasından 65 iştirakçı uğurlu namizəd olaraq
seçilib. Təqdim edilən imkanlardan yararlanmaq fürsəti qazanan
iştirakçılardan 35 nəfəri əlaqə mərkəzi, 30 nəfəri isə informasiya
texnologiyaları üzrə təlimlərə qatılacaq. İştirakçılar arasında
tələbələr, yeni məzunlar və 10 ilə qədər iş təcrübəsinə malik
peşəkarlar yer alır.

Üç ay davam edəcək proqramda peşəkar təlimçilər tərəfindən
hazırlanmış xüsusi tədris proqramları və intensiv sessiyalar
keçiriləcək. Məqsəd iştirakçıların əmək bazarında yüksək tələbat
görən praktiki bilik və bacarıqlarını inkişaf etdirməkdir.
“PAŞA Bank” fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bank, uzunmüddətli strategiyasına uyğun olaraq, gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək.




