Bakı. Trend:
İndoneziyanın Şimali Sumatra əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri ağır fəsadlarla nəticələnib.
Trend xəbər verir ki, bu fəlakət nəticəsində azı 13 nəfər həyatını itirib, 18 nəfər isə xəsarət alıb.
Təbii fəlakət Deli Serdanq və Karo dairələrində ciddi dağıntılara səbəb olub. Deli Serdanqda sel suları dörd evi və bir məbəd binasını yuyub aparıb. Burada altı nəfər həyatını itirib, doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Karo dairəsində isə yeddi nəfərin həlak olduğu, doqquz nəfərin yaralandığı bildirilir. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
İndoneziya Meteorologiya və Geofizika Agentliyi bölgədə yağıntıların həddindən artıq intensiv olacağını proqnozlaşdıraraq ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Hakimiyyət orqanları zərər çəkmiş bölgələrə humanitar yardım göstərmək və fəlakətin nəticələrini aradan qaldırmaq üçün tədbirləri sürətləndirib. Regionda vəziyyətin daha da pisləşməməsi üçün əhali ehtiyatlı olmağa çağırılıb.