Bakı. Trend:
Qazaxıstan Bakı-Supsa marşrutu ilə neft tədarükü imkanlarının müzakirəsinə davam edir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar naziri Almasadam Satkaliyev parlamentdə hökumət saatında çıxışı zamanı bildirib.
"Biz Bakı-Supsa neft kəmərinin imkanlarını nəzərdən keçiririk. Bu marşrutun ötürücülük qabiliyyəti ildə 5 milyon tondur, mümkün tədarük həcmi isə ildə 3 milyon tona qədərdir. Bu marşrutun istifadəsi hazırda işlənmə və müzakirə mərhələsindədir", - deyə o vurğulayıb.
Nazir çıxışı zamanı, həmçinin, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə Qazaxıstan neftinin tədarükünün mövcud 1,5 milyon tondan 20 milyon tona qədər artırılma imkanlarına da toxunub.
Ümumilikdə, 2024-cü ildə Qazaxıstanın 55,4 milyon ton nefti KTK vasitəsilə, 8,6 milyon ton Atırau-Samara marşrutu ilə, 1,1 milyon ton Çinə, 3,6 milyon ton Aktau limanı vasitəsilə və 50 min ton dəmir yolu ilə ixrac etməsi planlaşdırılır. Rusiya neftinin tranziti isə 10 milyon ton Çinə və 200 min ton Özbəkistana təşkil olunacaq.