...

Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur – “Hyrasia One”nın investisiya direktoru (ÖZƏL MÜSAHİBƏ)

Yaşıl iqtisadiyyat Materials 25 Noyabr 2024 08:00 (UTC +04:00)
Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur – “Hyrasia One”nın investisiya direktoru (ÖZƏL MÜSAHİBƏ)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Qazaxıstandan Avropa bazarına “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur.

Bu barədə Trend-ə özəl müsahibəsində “Hyrasia One” layihəsinin investisiya direktoru və “SVEVIND Energy” şirkətinin Qazaxıstandakı regional nümayəndəsi Aynur Tumışeva bildirib.

A.Tumışeva izah edib ki, Almaniyanın “SVEVIND Energy Group” şirkəti tərəfindən Qazaxıstanın Manqistau vilayətində həyata keçirilən “Hyrasia One” layihəsi “yaşıl” hidrogen istehsalı zavodunun inşasını nəzərdə tutur.

“Hyrasia One” layihəsi üzərində artıq üç ildir çalışırıq. Hələ erkən mərhələdə olmağımıza baxmayaraq, mühüm irəliləyişlərə nail olmuşuq. “Genesis” konsaltinq şirkəti ilə ilkin layihə tədqiqatlarını tamamlamışıq, ekoloji və sosial qiymətləndirmələrə başlamışıq və lazım olan icazə və resursların əldə olunması prosesindəyik”, – deyə o qeyd edib.

İnvestisiya direktoru vurğulayıb ki, “Hyrasia One” layihəsi “yaşıl” bir təşəbbüsdür və layihə iştirakçıları Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən müəyyən edilmiş beynəlxalq ekoloji standartlara sadiqdirlər.

Onun sözlərinə görə, hazırda aparılan ekoloji və sosial təsirin qiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, su resurslarının istifadəsi, arxeoloji tədqiqatlar və quşlar ilə yarasaların miqrasiyası kimi aspektlər nəzərə alınır. Bu tələblərə riayət etmək layihənin ən yüksək ekoloji standartlara uyğunluğunu təmin edir.

“Layihənin tikintisindən istismarına qədər bütün mərhələlərdə ekoloji təsiri minimuma endirməyə çalışırıq. Bu, yalnız maliyyə cəlb etmək üçün deyil, həm də “yaşıl” enerjinin inkişafı üzrə öhdəliklərimizi yerinə yetirmək baxımından vacibdir”, – deyə A.Tumışeva izah edib.

“Hyrasia One” layihəsi çərçivəsində “yaşıl” ammonyakın nəqli ilə bağlı logistik işlər də aparılır. Direktorun sözlərinə görə, istehsal olunan “yaşıl” hidrogen daşınmanı asanlaşdırmaq üçün ammonyaka çevriləcək.

“Yaşıl ammonyak uzunmüddətli nəql üçün istifadə etdiyimiz enerji daşıyıcısıdır. Biz tərəfdaşımız “Deutsche Bahn” ilə Qazaxıstanı Avropa və Asiya ilə birləşdirən mövcud infrastruktur dəhlizlərini araşdıraraq, hərtərəfli logistik qiymətləndirmə aparmışıq”, – deyə o bildirib.

A.Tumışevanın sözlərinə görə, “yaşıl” ammonyakın Avropaya nəqli üçün ən əlverişli marşrut Xəzər dənizindən keçərək, Azərbaycan üzərindən keçən Orta Dəhlizdir.

“Orta dəhliz vasitəsilə yaşıl ammonyak nəqlinin texniki imkanlarını qiymətləndirdik və bunun tamamilə mümkün olduğu qənaətinə gəldik. Burada hər şey Avropadakı alıcılarla uzunmüddətli “al və ya ödə” müqavilələrinin bağlanmasından asılı olacaq. Avropada tələbat olsa, ammonyak böyük ehtimalla Azərbaycan vasitəsilə göndəriləcək”, – deyə A.Tumışeva bildirib.

O əlavə edib ki, layihənin uğuru “yaşıl” ammonyak üçün sabit tələbatı təmin edəcək etibarlı müqavilələrin bağlanmasından asılı olacaq, çünki bu, nəqliyyat infrastrukturuna qoyulan investisiyaların əsaslandırılmasına imkan verəcək.

A.Tumışeva qeyd edib ki, Qazaxıstanın bərpa olunan enerji mənbələrinə sadiqliyi “Hyrasia One” layihəsinin mühüm elementidir. Ölkə Paris Sazişi çərçivəsində karbon tullantılarının azaldılması üzrə iddialı hədəflər qarşısına qoyub. Qazaxıstan 2060-cı ilədək karbon neytrallığına nail olmağı və xüsusilə külək və günəş enerjisi sahəsində bərpa olunan enerji layihələrini fəal şəkildə inkişaf etdirməyi planlaşdırır.

“Hazırda bərpa olunan enerji mənbələri Qazaxıstanın milli enerji şəbəkəsində ümumi enerjinin təxminən 6,5 faizini təşkil edir və hökumət bu göstəricini 2030-cu ilə qədər 15 faizə çatdırmağı hədəfləyir. Qazaxıstanın xüsusilə külək və günəş enerjisi sahəsində böyük inkişaf potensialı var. Ölkənin coğrafi şəraiti genişmiqyaslı bərpa olunan enerji istehsalı üçün mükəmməl imkanlar yaradır”, – deyə o qeyd edib.

A.Tumışevanın sözlərinə görə, Qazaxıstan yalnız “yaşıl” hidrogenin deyil, həm də “yaşıl” enerjinin regional mərkəzinə çevrilmək potensialına malikdir.

O, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin Avropaya nəqli üçün elektrik ötürücü xəttin yaradılması ilə bağlı imzalanmış son sazişi xatırladıb.

“Həm Qazaxıstan, həm də Özbəkistan əla külək resurslarına malikdir və biz artıq iki ildir bu resursların ölçülməsini aparırıq. Bu şərtlər regionu dünya bərpa olunan enerji bazarında mühüm oyunçuya çevirə bilər”, – deyə o əlavə edib.

A.Tumışeva regionda bərpa olunan enerji sahəsində layihələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd edib.

O bildirib ki, “SVEVIND Energy” artıq İsveçin Arktika bölgəsində Avropanın ən böyük qurudakı külək parkını reallaşdırıb. Lakin hazırda “Hyrasia One” Qazaxıstandan kənarda “SVEVIND”in yeganə “yaşıl” enerji layihəsidir.

“Qazaxıstan və qonşu ölkələrdə külək və günəş enerjisi üçün mövcud olan əla şərtləri nəzərə alaraq, yalnız Qazaxıstan üçün deyil, həm də qonşu ölkələr üçün bərpa olunan enerji sahəsində gələcək layihələr üçün böyük potensial mövcuddur”, – deyə o bildirib.

A.Tumışeva əlavə edib ki, bölgədə daha da genişlənmək üçün uzunmüddətli potensiala baxmayaraq, “SVEVIND”in diqqəti hazırda əsasən “Hyrasia One” layihəsinə yönəlib.

“Hazırda “Hyrasia One” bu regionda inkişaf etdirdiyimiz yeganə iri layihədir. Lakin aydındır ki, Mərkəzi Asiyanın bütün ərazisi üzrə bərpa olunan enerji mənbələrinə gələcəkdə böyük investisiya qoyuluşları üçün mühüm potensial mövcuddur”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti