Bakı. Trend:
İranın üç bankı hazırda Kiş adasında “rial” rəqəmsal valyutadan istifadə edir.
Trend-in məlumatına görə, bunu İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Rza Fərzin bu gün Tehranda keçirilən 11-ci Yeni Bankçılıq Konfransında deyib.
Onun sözlərinə görə, hazırda İranın “Mellət”, “Ticarət” və “Milli” bankları rəqəmsal “rial”dan istifadə edirlər:
"Yaxın gələcəkdə daha beş bank rəqəmsal “rial”dan istifadə edəcək".
Fərzin deyib ki, dünyada bir çox ölkələr rəqəmsal valyutadan istifadə edir:
"Hazırda 23 ölkə, o cümlədən, Cənubi Koreya, Çin, BƏƏ, Türkiyə və İranda rəqəmsal valyutadan istifadə sınaq mərhələsindədir. Rəqəmsal valyutadan istifadənin bir çox üstünlüyü var. Belə ki, ödənişi sadələşdirir, proqramlaşdırmaya imkan yaradır və smartlaşdırmanı yüksəldir".
Kriptovalyuta məsələsi və Mərkəzi Bankın bununla əlaqədar siyasətinə münasibət bildirən İranın Mərkəzi Bankının şefi qeyd edib ki, hazırda dünyada kriptovalyutalar sürətli şəkildə inkişaf etməkdədir.
"Onlardan istifadə fərqli formadadır. Bu sahədə qaydaların tətbiq olunması çox çətin məsələdir. Bütün ölkələr bu sahədə ilk başda problemlə üzləşib. Birinci ticarət formalaşır və sonra qaydalar tənzimlənir. Bu proses İranda da baş verib. Hazırda İranın Mərkəzi Bankının qarşısında böyük bazar var. Lakin bu sahədə hərtərəfli şəkildə tənzimlənmiş qaydalar yoxdur", - o əlavə edib.