Bakı. Trend:
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Təyyar müəllim, iqlim dəyişikliyinin insan sağlamlığına dolaylı təsiri nədən ibarətdir?
- ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər
ki, hazırda məlum olan yoluxucu xəstəliklərin təxminən 58%-i iqlim
dəyişikliyi nəticəsində dəyişib. Xəstəlik riskinin artmasına təsir
edən ən çox yayılan amil qlobal istiləşmə idi. Eyni zamanda, qlobal
istiləşmə nəticəsində quraqlıq və daşqın bir çox yoluxucu
xəstəliklərin artmasına səbəb olur. Quraqlıq zamanı transmissiv
xəstəliklərin keçiricisi olan həşəratların (“Aedes”, “Anopheles”,
“Culex” cinsinə aid olan) areal dəyişməsi baş verir. Nəticədə
hemorraqik qızdırmalar, sarı qızdırma, malyariya kimi təhlükəli
infeksiyakların geniş yayılması baş verə bilər. Quraqlıq zamanı
tozlu küləklər oftalmoloji xəstəliklərin artmasına da səbəb
olur.
Bundan başqa, çayların daşmasından sonra əmələ gələn gölməçələrdə
yığılan su kütləsi ağcaqanadların çoxalması üçün şərait yaratdığına
görə vektorlarla ötürülən xəstəliklərin, məsələn malyariyanın
yayılma riskini endemik ərazilərdə artıra bilər. Bu səbəbdən
vektorla ötürülən yoluxucu xəstəliklər ictimai sağlamlığa uzun
müddətli təhlükə yaradır.
Daşqınlar sellər ilə nəticələnəndə bir çox infeksiyaların törədici
və keçiricilərinin yerdəyişməsi baş verir. Yeni areallarda
məskunlaşan həşəratlar yeni biosenozların formalaşmasına, təbii
ocaqların dəyişməsinə səbəb olur.
- İqlim dəyişikliklərinin infeksion xəstəliklərin yayılmasına hər hansı bir təsiri varmı?
- ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanlara təsir edən mövcud 375 infeksion xəstəlikdən 218-i planetdə iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenlərinin daha təhlükəli olduğu elmi ədəbiyyatda təsdiqlənib. Qeyd edilir ki, qarayara, vəba, malyariya kimi xəstəliklərin bəzi hallarda qlobal istiləşmə, quraqlıq, istilik dalğaları, meşə yanğınları, yağışların artması və tufanlar nəticəsində yayılması daha asan olub.
- Yağışların artması infeksion xəstəliklərin yayılmasında hansı rol oynayır?
- Bu, daha çox istiləşmə ilə əlaqədar su ehtiyatlarının
balansındakı dəyişikliklərlə bağlıdır. Anomal leysan yağışları
içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində
sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virus
hepatitləri, eşerixioz və s. kimi virus və bakterial infeksion
xəstəliklərin artımı baş verə bilər.
İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu və
keyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərin
tezliyinə təsir göstərə bilər. Dünyanın bir sıra ölkələrində sübut
edilib ki, orta aylıq temperaturun yüksəlməsi bakterial
dizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaq
xəstəliklərinin artmasına səbəb olur. İçməli suda hələ də yoluxucu
agentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxış əhalinin
sağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraq
qalır.
- Bəs quraqlıq dövrləri necə, infeksion xəstəliklərin yayılmasına təsir edirmi?
- Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında deyilir. İsti mövsüm gənələrin aktivləşməsinə və onların keçirdikləri xəstəliklərin sayının artmasına səbəb olur. Quraqlıq meningit və bir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlim dəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır. Bu da, öz növbəsində, epidemiyaların yayılması ilə nəticələnə bilər.
- Sağlam qidalanma və fiziki aktivlik sayəsində iqlim dəyişkənliyi nəticəsində yarana biləcək infeksion xəstəliklərə qalib gəlmək mümkündürmü?
- Sağlam həyat tərzinə (sağlam qidalanma, fiziki aktivlik və s.) riayət olunmaqla və yayılan infeksion xəstəliklərdən mümkün qorunma tədbirlərinə əməl etməklə, fərdi qaydada şəxsin bu tip infeksiyalara dözümlülüyünü artırmaq olar. Lakin bütövlükdə bu, məsələni həll etmir. İqlim dəyişiklikləri nəticəsində yarana biləcək infeksion xəstəliklərin qarşısının alınmasının başlıca yolu dünya ölkələrinin kollektiv səyləri vasitəsilə bu dəyişikliklərin mümkün qədər aradan qaldırılmasıdır.