Bakı. Trend:
Almaniyanın Leypsiq şəhərindən uçan DHL şirkətinə məxsus yük təyyarəsi Vilnüs hava limanına yaxınlaşarkən qəzaya uğrayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, faciədən əvvəl göydə parlaq işıq müşahidə olunub.
Bakı vaxtı ilə saat 06:08-də “Boeing 737-400” model təyyarə Almaniyadan havaya qalxıb. Saat 07:31-də onun qəzaya uğradığı barədə məlumat daxil olub.
Məlumata əsasən, təyyarə yaşayış binasının yaxınlığında qəzaya uğrayıb.
“Qəzadan əvvəl göydə parlaq işıq müşahidə edilib. Güman edilir ki, bu, təyyarədə daşınan yükün partlaması nəticəsində baş verib. Uçuş zamanı akkumulyator batareyalarının partlama ehtimalı istisna edilmir.
Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəz təyyarənin qəzasının "texniki məsələlərlə" bağlı olduğunu qeyd edib”, - məlumatda bildirilir.
DHL şirkətinə məxsus yük təyyarəsinin pilotlarından biri hadisə yerində həlak olub, daha dörd nəfər xəsarət alıb. Sonradan dəqiqləşdirib ki, xəstəxanaya aparılan ikinci pilot da aldığı ağır xəsarətlər səbəbindən qısa müddət sonra dünyasını dəyişib.