Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin dəstəklənməsi ilə bağlı güzəştlərin tətbiqinə start verilib.
Trend xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir vurğulayıb ki, son tarixə 3 milyon manatdan çox vergi və rüsumlardan azadolma tətbiq edilib.
"Kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımları sahibkarların bank hesablarına köçürülür. Sosial sığorta haqlarının və kredit faizlərinin subsidiyalaşdırılmasına başlanılıb. Kredit zəmanət mexanizmi işə düşüb. Bununla yanaşı dövlət əmlkanının özəlləşdirilməsi siyasəti həyata davam etdirilib.
Cari ildə özəlləşdirmədən büdcəyə 108 milyon vəsait daxil olub. Bu da illik proqnozun 103 faiz icrası deməkdir. İri dövlət müəssisələrinin sağlamlaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə həmin müəssisələrdə dövlətin iştirak payının azaldılması istiqamətində tədbirlər davam etdirilir. Həmçinin, dövlət əmlkanının idaəedilməsi və özəlləşdirilməsi haqqında yeni qanun layihəsi hazırlanaraq razılaşdırılmaq üçün aidiyyəti üzrə təqdim edilib", - o bildirib.
“İşğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”n icrası ilə bağlı deyim ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib. Burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”, - deyə nazir bildirib.