Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanda bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 59 müraciətə baxılıb.
Trend-ə bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,5% artım olub.
Belə ki, 2024-cü ilin eyni dövründə bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 40 müraciətə baxılmışdı.
“Rəqabət mədəniyyətinin mövcud olduğu mühitdə şirkətlər bazar payı əldə etmək üçün keyfiyyətin artırılması, innovativ yanaşmaların tətbiqi və istehlakçı məmnuniyyətinin yüksəldilməsi kimi müsbət həllərə üstünlük verirlər. Bu isə haqsız rəqabət hallarının qarşısını almaqla yanaşı, ədalətli və şəffaf bazar mühitinin təmin olunmasına şərait yaradır”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, haqsız rəqabət dedikdə bazarda fəaliyyət göstərən sahibkarların (şirkətlərin və ya fərdi sahibkarların) rəqiblərinə qarşı qanunsuz və ədalətsiz metodlarla üstünlük əldə etməyə çalışmasıdır. Başqa bir şirkətin məhsulunu və ya brendini təqlid etmək, yalan reklam vermək, saxta endirim kampaniyaları keçirmək, rəqib şirkət barədə yanlış və zərərli məlumat yaymaq və sair məlumatlar buna nümunə olaraq göstərilə bilər.