Bakı. Trend:
Liviyanın paytaxtı Tripolidə baş verən toqquşmalarda altı nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Tripolinin Təcili Tibbi Yardım Mərkəzinin rəsmi "Facebook" səhifəsində məlumat yayılıb.
Bildirilib ki, meyitlər qızğın silahlı toqquşamların getdiyi Əbu-Səlim rayonunda aşkarlanıb.
xxx
07:17
Liviya Milli Razılıq Hökumətinin Müdafiə Nazirliyi Tripolidə baş verən hərbi əməliyyatın sona çatdığını elan edib.
Trend-in məlumatına görə, bu barədə “Al Hadath” telekanalı xəbər yayıb.
Hərbçilər ölkə paytaxtının mərkəzində yerləşən və Stabilliyə Dəstək Aparatının (SSA) əsas dayağı hesab edilən Əbu Səlim rayonuna tam nəzarət əldə etdiklərini bildiriblər. Qeyd olunur ki, bu silahlı qrupun liderinin öldürülməsindən sonra şəhərdə silahlı toqquşmalar baş verib.
“Al-Awsat” qəzetinin yazdığına görə, əməliyyat zamanı Tripolinin bir neçə bölgəsi, o cümlədən şəhər mərkəzi elektrik enerjisindən məhrum qalıb.
Müdafiə Nazirliyi əməliyyatın uğurla həyata keçirildiyini açıqlayıb.
XXX
03:21
Liviyanın paytaxtı Tripolidə bazar ertəsi axşam başlayan silahlı toqquşmalar nəticəsində azı 6 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına açıqlamasında Liviya təcili yardım xidmətinin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, yaralananların hamısı paytaxtda baş verən son insidentlərlə bağlıdır.
Qeyd edək ki, hadisələr fonunda Liviyanın fövqəladə hallar xidməti Tripolidə yüksək hazırlıq rejimi elan edib. Şəhərdə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
XXX
02:19
Liviyanın paytaxtı Tripolidə silahlı qarşıdurma nəticəsində şəhər boyu atəş səsləri eşidilməyə başlayıb.
Trend-in “Al Ahrar” telekanalına istinadən verdiyi xəbərə görə, atışmalar Dəstək və Sabitləşdirmə İdarəsinin rəhbəri Əbdülqani əl-Kiklinin öldüyünə dair yayılan məlumatlar fonunda baş verir.
Təhlükəsizliklə bağlı vəziyyətin kəskinləşdiyi şəhərdə Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin nümayəndəsi Malik Marsit yerli sakinləri evlərindən çıxmamağa və ehtiyatlı davranmağa çağırıb.
Tripolinin təhlükəsizlik orqanları – o cümlədən Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi – də analoji çağırışla çıxış edərək, vətəndaşların təhlükəsizliyi naminə evlərində qalmalarını tövsiyə edib.
Qeyd olunur ki, baş verən hadisələrlə əlaqədar Tripolinin əsas hava limanı – Mitiqa aeroportunun fəaliyyəti də müvəqqəti dayandırılıb.
