Bakı. Trend:
Bu ilin ilk üç ayında Zirə limanından “Azərbaycan Dəmir Yolları” QSC (ADY) üzrə 25 min tona yaxın yük daşınıb.
Bunu Trend-in sorğusuna cavab olaraq ADY-dən bildiriblər.
Məlumata görə, daşınan yüklər, əsasən, kimya sənayesi məhsulları olub.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə limanı arasında 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib.
Qeyd olunan infrastruktur quruculuğu bu ilin yanvar ayının sonlarında Zirə limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.
Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.