Bakı. Trend:
Aşqabad Beynəlxalq Məktəbində təşkil olunan “Beynəlxalq Mətbəx Festivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialı ilə təmsil olunub.
Azərbaycanın Türkmənistandakı Səfirliyindən Trend-ə bildirilib ki, səfirlik tərəfindən qurulmuş guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri, memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş etdirilib.
Guşədə “azerbaijan.travel” turizm portalı və “Made in Azerbaijan” brendinə dair bannerlər quraşdırılmış, milli məhsullar və sənətkarlıq nümunələri təqdim edilib. Festival iştirakçılarına Azərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar da təqdim olunub, qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanı tanıdan kitablar, broşürlər və müxtəlif nəşrlər təqdim edilib, foto-açıqcalar, suvenirlər və Azərbaycan milli geyimlərini əks etdirən materiallar nümayiş etdirilib.
Azərbaycan guşəsi festivalın diqqətçəkən mədəni təqdimat məkanlarından biri olub və qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Azərbaycan Səfirliyinin nümayəndələri ziyarətçilərlə söhbətlərində Azərbaycanın zəngin mədəni irsi, tarixi ənənələri və turizm potensialından bəhs edib, bu irsin beynəlxalq platformalarda tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.