...

ABŞ və Çin ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər

Dünya xəbərləri Materials 12 May 2025 01:44 (UTC +04:00)
ABŞ və Çin ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər

Bakı. Trend:

ABŞ və Çin nümayəndələri Cenevrədə iki günlük danışıqların ardınca ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər və detallar bazar ertəsi açıqlanacaq.

Trend xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən Amerika nümayəndə heyətinin rəsmilərinə istinadən “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, razılaşma ABŞ-nin 1,2 trilyon dollarlıq ticarət kəsirini azaltmağa kömək edəcək.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ikitərəfli tariflər çox yüksəkdir və iki ölkə arasında ticarət gərginliyini azaltmaq üçün səylərin bir hissəsi kimi azaldılmalıdır. Hazırda o, razılaşmanın əlavə təfərrüatlarını verməkdən imtina edib və məlumatın bazar ertəsi açıqlanacağını bildirib.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir isə vurğulayıb ki, tərəflər arasındakı fərqlərin “əvvəllər düşünüldüyü qədər böyük olmadığı” ortaya çıxıb.

Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp Çin idxalına tarifləri 145%-ə qaldırmışdı, Çin isə cavab olaraq ABŞ məhsullarına 125% rüsum tətbiq etmişdi. Bu qarşılıqlı addımlar nəticəsində, keçən il 660 milyard dollardan çox olan ikitərəfli ticarət faktiki olaraq iflic vəziyyətə düşmüşdü.

Danışıqlardan əvvəl Tramp “Truth” sosial şəbəkəsində tarifləri 80%-ə endirməyə hazır olduğunu bildirmişdi. Xatırladaq ki, Tramp hələ ilk prezidentliyi dövründə Çinə qarşı “tarif müharibəsi”nə start vermiş və Pekini haqsız rəqabətdə, texnologiya oğurluğunda və dövlət subsidiyalarından sui-istifadədə ittiham etmişdi.

Pekin isə bu ittihamları əsassız sayır və bildirir ki, Tramp yalnız Çinə deyil, digər ölkələrə qarşı da yüksək tariflər tətbiq edib.

ABŞ-nin Çinlə olan ticarət kəsiri 2024-cü ildə 263 milyard dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti