...

Daşaltı kənd məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub (FOTO)

Cəmiyyət Materials 11 May 2025 17:30 (UTC +04:00)
Daşaltı kənd məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işləri çərçivəsində məscidlərin bərpası və inşası da mühüm yer tutur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov Trend-in bölgə müxbirinə bildirib ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib.

İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.

Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti