Bakı. Trend:
Yaponiya Müdafiə Nazirliyi hipersəs döyüş başlıqlarını vurmaq üçün nəzərdə tutulan elektromaqnit relsli silahın tam miqyaslı prototipinin sınaqlarına hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə Yomiuri qəzeti yazıb.
Silah, gəmilərdə yerləşdirilməsi planlaşdırılan "Aegis" çoxməqsədli izləmə və istiqamətləndirmə sistemləri ilə birlikdə tətbiq ediləcək. Relsli silah partlayıcı maddələr olmadan mərmini iki metal bələdçi boyunca elektromaqnit gücü ilə son dərəcə yüksək sürətlə hərəkət etdirən bir sistemdir.
Nəşrin məlumatına görə, bu texnologiya uzun mənzilli və yüksək dəqiqliyə malikdir, həmçinin istənilən hava hədəfləri – o cümlədən hipersəs raketləri – üzərində yüksək effektlə tətbiq oluna bilər.
Layihəyə 2016-cı ildə start verilib, 2023-cü ildə isə kiçik ölçülü prototip gəmidə sınaqdan keçirilib. Yeni mərhələdə sınaqdan keçiriləcək silah təxminən 6 metr uzunluğa və 8 ton ağırlığa malikdir.
Qəzet yazır ki, Tokio bu texnologiyanın inkişafında Fransa və Almaniyanın müdafiə qurumları və tədqiqat institutları ilə əməkdaşlıq edir, həmçinin ABŞ istehsalı olan materiallardan istifadə olunur.