Bakı. Trend:
Mayın 10-da Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının növbəti məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
DSX-dən Trend-ə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə keçirilən tədbirdə gənc zabitlər Fəxri xiyabana gələrək dahi öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Dövlət Sərhəd Xidmətinin yaranmasında, formalaşmasında və inkişafında əvəzsiz xidmətləri, onun uzaqgörən siyasəti nəticəsində sərhədlərimizin mühafizəsinin müstəqil dövlətçiliyimizin mühüm dayaqlarından birinə çevrildiyi xüsusi vurğulanıb, bu strateji kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunub.
Məhz Prezidentin qətiyyətli siyasəti və beynəlxalq arenada nümayiş etdirdiyi prinsipial mövqe sayəsində ölkəmiz regionda söz sahibi olan qüdrətli dövlətə çevrilib, ərazi bütövlüyümüz, suverenliyimiz və sərhədlərimiz tam bərpa olunub. Bu şərəfli yolda Azərbaycan sərhədçiləri daim yüksək sədaqət, fədakarlıq və peşəkarlıq nümayiş etdiriblər.
Mərasim zamanı məzunlara diplomlar təqdim olunub və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.
Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsilin, onların vətənə bağlılığının qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacağı, zabit andına sadiq qalaraq vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunub.
Dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsində xüsusi rolu olan, eyni zamanda, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilən DSX Akademiyasından bu il 168 kursantın məzun olduğu, 5 kursantın isə təhsilini qırmızı diplomla başa vurduğu qeyd olunub.
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitləri təbrik edərək onların valideynləri ilə görüşüb, vətənə layiqli, vətənpərvər övladlar yetişdirdikləri üçün onlara minnətdarlığını bildirib.