Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp, İsveçrədə keçirilən Vaşinqton-Pekin ticarət danışıqlarının konstruktiv keçdiyini və böyük irəliləyiş əldə olunduğunu bildirib.
Trend xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
“Bu gün İsveçrədə Çinlə çox yaxşı görüş oldu. Biz bir çox məsələləri müzakirə etdik və bir çoxu üzrə razılığa gəldik”, – deyə o qeyd edib.
Tramp əlavə edib ki, “tam sıfırlama” (total reset) məsələsi də
mehriban və konstruktiv şəkildə gündəmə gətirilib:
“Biz Çinin, həm özünün, həm də ABŞ-nin xeyrinə olaraq, Amerika
bizneslərinə açıq olmasını görmək istəyirik. Böyük irəliləyiş əldə
olunub”, – deyə o vurğulayıb.
XXX
23:46
ABŞ və Çin nümayəndə heyətləri, iki ölkə arasında uzun müddətdir davam edən ticarət münaqişəsinə son qoymaq məqsədilə Cenevrədə yüksək səviyyəli danışıqlara start verib.
Trend-in Euronews agentliyinə istinadən verdiyi xəbərə görə, Amerika nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, Çin nümayəndə heyətinə isə He Lifen rəhbərlik edir. Danışıqların dəqiq yeri açıqlanmasa da, hər iki tərəfdən olan rəsmilər anonimlik şərti ilə danışıqlar barədə media ilə bölüşüblər.
Ekspertlər yaxın perspektivdə ciddi irəliləyiş gözləməsələr də, qarşılıqlı tarif güzəştlərinin mümkünlüyü barədə nikbinlik var. Bu, qlobal ticarətə və maliyyə bazarlarına müsbət təsir edə bilər.
Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp Çin idxalına tarifləri 145%-ə qaldırmışdı, Çin isə cavab olaraq ABŞ məhsullarına 125% rüsum tətbiq etmişdi. Bu qarşılıqlı addımlar nəticəsində, keçən il 660 milyard dollardan çox olan ikitərəfli ticarət faktiki olaraq iflic vəziyyətə düşmüşdü.
Danışıqlardan əvvəl Tramp “Truth” sosial şəbəkəsində tarifləri 80%-ə endirməyə hazır olduğunu bildirmişdi. Xatırladaq ki, Tramp hələ ilk prezidentliyi dövründə Çinə qarşı “tarif müharibəsi”nə start vermiş və Pekini haqsız rəqabətdə, texnologiya oğurluğunda və dövlət subsidiyalarından sui-istifadədə ittiham etmişdi.
Pekin isə bu ittihamları əsassız sayır və bildirir ki, Tramp yalnız Çinə deyil, digər ölkələrə qarşı da yüksək tariflər tətbiq edib.
ABŞ-nin Çinlə olan ticarət kəsiri 2024-cü ildə 263 milyard dollar təşkil edib.
