Bakı. Trend:
Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baş tutacaq.
Trend-in “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər.
Qeyd olunub ki, NATO-nun 32 üzv dövlətinin təmsil olunacağı bu iclas alyansın iyunun 24-25-də Haaqada keçirilməsi planlaşdırılan dövlət və hökumət başçılarının Zirvə görüşünə hazırlıq xarakteri daşıyacaq.
İclas çərçivəsində mayın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə NATO ölkələrinin xarici siyasət rəhbərləri, NATO Baş katibi və digər yüksək səviyyəli rəsmilərin bir araya gəlməsi gözlənilir.
Mayın 15-də keçiriləcək qeyri-rəsmi sessiyada isə NATO-nun gündəliyində duran əsas prioritet məsələlər və Haaqa Sammitində qəbul edilə biləcək qərarlar müzakirə olunacaq.