Bakı. Trend:
2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edəcək ilk klubun adına artıq aydınlıq gəlib.
Trend xəbər verir ki, mövsümün sonuna iki tur qalmış 22 xalla turnir cədvəlində sonuncu – 10-cu pillədə qərarlaşan "Səbail" Peşəkar Futbol Klubu elita ilə vidalaşacaq. Komanda 9-cu yerdə olan "Kəpəz"dən 7 xal geri qalır və bu səbəbdən Premyer Liqada qalmaq şansını tam itirib.
2016-cı il avqustun 15-də əsası qoyulan “Səbail” qısa zamanda yüksəliş edərək, 2016/2017 mövsümündə uğurlu çıxışı ilə Premyer Liqaya vəsiqə qazanmışdı.
"Dənizçilər" tarixlərinin ən uğurlu nəticəsini 2018/2019 mövsümündə əldə ediblər – bürünc medal qazanaraq Avropa Liqasında çıxış hüququ əldə etmişdilər. Bu, klubun indiyədək qitəmiqyaslı turnirdəki yeganə təcrübəsi olub.
Qeyd edək ki, növbəti mövsümdən etibarən Premyer Liqadakı komanda sayı artırılaraq 12-yə çatdırılacaq. 1-ci Liqada ilk 3 pillədə qərarlaşan "Qəbələ", "İmişli" və "Karvan" yeni mövsümdə elitada mübarizə aparacaq.