...

İran və Rusiya Şimal-Cənub Dəhlizinin Xəzər dənizi marşrutunu inkişaf etdirməkdə maraqlıdır

Dünya xəbərləri Materials 10 May 2025 14:49 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin Xəzər dənizi üzrə marşrutunu inkişaf etdirməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Limanlar və Dənizçilik Təşkilatının sədri Səid Rəsuli Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Zverevlə telefon söhbətində deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün marşrutları İran və Rusiya üçün diqqət mərkəzində duran dəhlizlərdən biridir:

"Əsasən, Xəzər dənizi üzrə yükdaşıma və tranzitin artırılması hər iki ölkə üçün prioritet təşkil edir".

Rəsuli bildirib ki, İran və Rusiya arasında dəniz nəqliyyatı konsorsiumunun təşkil olunması məqsədilə gələn iki ay ərzində Rusiyanın Mahaçqala şəhərində dövlət və qeyri-dövlət nümayəndələrinin iştirakı ilə iclas keçiriləcək.

Nazir müavini əlavə edib ki, ticarət əməkdaşlığının inkişaf etdirilməsi və Xəzər dənizində logistika və tranzit imkanlarının artırılması iki ölkə rəsmiləri tərəfindən maraqla qarşılanır:

"Limanlarda rüsumların eyniləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, Xəzər dənizi vasitəsilə yüklərin daşınması, iki ölkə limanlarında konteyner daşınmasının artırılması İran tərəfindən təklif olunan planlardır".

Telefon söhbətində Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverev də bildirib ki, Rusiya Nəqliyyat Nazirliyi İran tərəfinin təkliflərini müsbət qarşılayır və dəniz və liman sahələrində əməkdaşlıq məqsədilə İranla tam razılaşma əldə etmək niyyətindədir.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də, Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Xatırladaq ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti