Bakı. Trend:
Ulu Öndər Heydər Əliyevin adı sadəcə bir siyasətçinin yox, xalqın xilaskarı və dövlət qurucusunun simvoludur. Onun zəngin həyatı, siyasi fəaliyyəti və Azərbaycan üçün gördüyü əvəzsiz işlər bu gün də xalqın qürurla xatırladığı tarixdir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, hələ gənc yaşlarından elmə, təhsilə və ictimai həyata maraq göstərərək fərqlənib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. Artıq 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Hər bir uğurlu liderin həyatında zəhmət, iradə və vətən sevgisi mühüm yer tutur. Heydər Əliyevin həyat yolu da məhz bu amillərlə zəngin idi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tarixindəki misilsiz xidmətlərindən biri də onun SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) keçdiyi 25 illik şərəfli fəaliyyət dövrüdür. Bu illər ərzində o, təkcə təhlükəsizlik sahəsində yüksək peşəkarlıq nümayiş etdirməyib, eyni zamanda, milli kadrların hazırlanması, yetişdirilməsi və strateji dövlət strukturlarında yerləşdirilməsi sahəsində əvəzsiz işlər görüb.
1960-1970-ci illərdə SSRİ miqyasında milli respublikalarda, o cümlədən, Azərbaycanda təhlükəsizlik orqanlarında yerli millətlərin nümayəndələrinin sayı çox aşağı idi. Mərkəzi hakimiyyətin siyasəti nəticəsində milli kadrların irəli çəkilməsi məhdudlaşdırılır, mühüm vəzifələrə, əsasən, rus, erməni və digər qeyri-azərbaycanlı kadrlar təyin olunurdu. Heydər Əliyev bu tendensiyanı dəyişmək üçün məqsədyönlü şəkildə fəaliyyətə başladı. O, kadr siyasətini prioritet məsələlərdən birinə çevirərək, azərbaycanlı gənclərin təhlükəsizlik orqanlarında təmsilçiliyini artırmaq üçün sistemli proqram həyata keçirdi", - o bildirib.
Onun sözlərinə görə, Ulu Öndər, milli təhlükəsizlik kadr bazasının formalaşdırılması üçün gənc, bacarıqlı və savadlı azərbaycanlı abituriyentləri SSRİ-nin Moskva, Kiyev, Leninqrad, Minsk və digər şəhərlərində yerləşən ixtisaslaşmış ali məktəblərə – əsasən hüquq və təhlükəsizlik profilli institutlara göndərilməsini təmin etdi. Bu təhsil müəssisələri DTK, hüquq-mühafizə və digər güc strukturlarının gələcək rəhbər heyətinin yetişdirildiyi mərkəzlər idi.
"Həmin gənclər institutu bitirdikdən sonra birbaşa olaraq SSRİ DTK-nın müxtəlif şəhərlərində təcrübə keçmək, xidmət etmək məqsədilə yerləşdirilirdilər. Onların bəziləri Moskvada, DTK-nın mərkəzi aparatında xidmət edərək daha yüksək bilik və bacarıqlara yiyələnirdilər. Heydər Əliyev bu gənclərin xidmət və təcrübə dövrünə xüsusi nəzarət edirdi.
Onların fəaliyyətini izləyir, irəliləyişlərinə dəstək verir, lazım gəldikdə isə şəxsən tövsiyə və tapşırıqlar verirdi. Təlim və təcrübə mərhələsini uğurla başa vuran azərbaycanlı mütəxəssislər sonradan respublikaya qaytarılaraq DTK-nın Azərbaycan bölməsində mühüm vəzifələrə təyin edilirdi. Bu, həm təhlükəsizlik sistemində milli maraqların təmininə, həm də milli kadrların dövlətçiliyə sədaqət ruhunda formalaşmasına şərait yaradırdı.
Heydər Əliyevin həyata keçirdiyi kadr siyasətinin əsas məqsədi Azərbaycanın təhlükəsizliyini yalnız xarici təhdidlərə qarşı qorumaq deyildi – o, eyni zamanda milli kadr potensialını artıraraq Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm intellektual və peşəkar bazanı formalaşdırırdı. Bu sistemli siyasətin nəticəsində 1970-80-ci illərdə Azərbaycanın təhlükəsizlik orqanlarında peşəkar və vətənpərvər azərbaycanlılar yüksək vəzifələrə irəli çəkildi. Onların bir çoxu sonradan müstəqillik dövründə də dövlətin mühüm strukturlarında xidmətlərini davam etdirdi.
Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Onun uzaqgörən kadr siyasəti, milli maraqları önə çəkən yanaşması və milli kadr potensialının gücləndirilməsi üçün atdığı addımlar müstəqil Azərbaycanın təhlükəsizlik sisteminin təməlini təşkil etdi. Bu gün Azərbaycan güclü təhlükəsizlik orqanlarına, peşəkar və vətənpərvər kadrlara malikdirsə, bu, məhz Ulu Öndər Heydər Əliyevin vaxtilə atdığı strateji və düşünülmüş addımların məntiqi nəticəsidir", - o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi.
"Bu illər Azərbaycan üçün mühüm iqtisadi və sosial inkişaf dövrü oldu. Sənaye müəssisələri quruldu, kənd təsərrüfatı inkişaf etdirildi, təhsil və səhiyyə sistemində ciddi irəliləyişlər əldə olundu. Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. O, xalqının gələcəyini elmli, savadlı və milli dəyərlərə bağlı gənclərin yetişməsində görürdü", - o bildirib.
A.Qarayevin sözlərinə görə, 1982-ci ildə siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
"Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Bu, təkcə Heydər Əliyev üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük uğur idi. O, Moskvada çalışdığı dövrdə də daim Azərbaycanı diqqətdə saxlayır, respublikaya yeni imkanların açılması üçün çalışırdı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. Bu addım, onun xalqına sadiq lider olduğunun növbəti və bariz sübutu idi", - o bildirib.
Politoloq qeyd edib ki, 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qırğınla bağlı Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin hərbi müdaxiləsini qətiyyətlə pislədi. Bu, böyük cəsarət tələb edən addım idi.
"Həmin ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə doğma Naxçıvanda siyasi fəaliyyətini davam etdirdi. İlk növbədə Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçildi və bölgənin qısa zamanda sabitliyə qovuşmasında mühüm rol oynadı. 1993-cü ildə isə ölkə dərin siyasi, iqtisadi və hərbi böhran içində boğulduğu zaman xalqın təkidli tələbi ilə Bakıya dəvət edildi. Həmin il iyun ayında hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik və inkişafa doğru dönüş başlandı.
Heydər Əliyevin 1993-cü ildən sonra həyata keçirdiyi islahatlar Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, beynəlxalq münasibətlərdə nüfuzunu artırdı və iqtisadi dirçəlişə təkan verdi. O, “Əsrin müqaviləsi” adlandırılan neft sazişi ilə Azərbaycanı beynəlxalq enerji xəritəsinə çıxardı, bu isə, öz nəvbəsində, ölkənin gələcək inkişafına çox böyük tək verdi", - o bildirib.
Bundan əlavə, A.Qarayev bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən yeni Konstitusiya hüquqi və demokratik dövlət quruculuğunun təməlini qoydu.
"Ordu quruculuğu, dövlət institutlarının təşkili, iqtisadiyyatın liberallaşdırılması kimi fundamental addımlar onun dövlətçiliyə olan yüksək baxışının göstəricisidir. Eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi, təhsil və səhiyyə sisteminin yenidən qurulması da onun fəaliyyətində xüsusi yer tuturdu. O, hər bir sahəyə vətəndaş mövqeyi ilə yanaşır, xalqın rifahını ən ali məqsəd kimi görürdü. Ulu öndərin siyasətində gənclər də xüsusi yer tuturdu.
O, gənclərə həmişə xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyev, onların vətənpərvər ruhda, savadlı və müasir düşüncəli yetişməsini təmin etdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ilin “Gənclər ili” elan edilməsi və 2 fevralın Gənclər Günü kimi təsis olunması bu siyasətin bariz nümunələridir. O, eyni zamanda gənclərin xarici ölkələrdə təhsil almasına, müxtəlif beynəlxalq proqramlarda iştirakına geniş imkanlar yaratdı", - o bildirib.
A.Qarayev qeyd edib ki, Heydər Əliyev təkcə bir lider və prezident deyildi, o, xalqı ilə bir olub onu sınaqlardan çıxaran, gələcəyə inam aşılayan dahi şəxsiyyət idi.
"Tarixin ən çətin məqamlarında xalqının yanında oldu, onu sınaqlardan uğurla çıxardı, sabaha olan ümidləri reallığa çevirdi. Onun rəhbərliyi ilə Azərbaycan yalnız müstəqilliyini qoruyub saxlamaqla kifayətlənmədi, həm də onu möhkəmləndirdi, regionun lider dövlətinə çevrildi. O, xalqın taleyini öz taleyi kimi qəbul etdi, hər bir azərbaycanlının rifahı və xoşbəxtliyi naminə çalışdı.
Heydər Əliyevin millətə bağlılığını ən parlaq şəkildə ifadə edən fikirlərindən biri – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – artıq milyonlarla insanın qəlbində dərin kök salan milli fəlsəfəyə çevrilib. Bu sözlər sadəcə bir ifadə deyil, bütöv bir ideologiyanı, milli özünüdərk və vətənə sevgi hissini əks etdirən güclü çağırışdır. Ulu öndərin bu kəlamı hər bir azərbaycanlının kimliyini, mənəvi birliyini və milli qürurunu təcəssüm etdirir", - politoloq əlavə edib.