Bakı. Trend:
İran 28 il sonra Xəzər dənizinin dayaz sularında yenidən neft kəşfiyyatı üzrə qazıntıya başlayıb.
Bu barədə Trend İranın Neft Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, bununla əlaqədar 9 mayda Tehranda 29-cu İran Beynəlxalq Neft, Qaz, Emal və Neft-Kimya Sərgisində tədbir təşkil olunub.
Tədbirə İranın neft naziri Möhsün Paknejad, İranın Milli Neft Şirkətinin icra direktoru Həmid Bovərd və digər yüksək səviyyəli rəsmilər qatılıb.
Bildirilir ki, İranın Şimal Qazıntı Şirkəti Xəzər dənizinin 18-ci blok adlanan “Rudsar” rezervuarında 70 metr su dərinliyində qazıntıya start verib.
Qazıntının 5 077 metr dərinliyə qədər davam edəcəyi və “Rudsar” rezervuarının qiymətləndirilməsi məqsədilə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, 1997-ci ildə İran Xəzər dənizinin dayaz sularında sonuncu quyunu qazıb. Əmir-Kəbir platformasının təmirindən sonra sözügedən qazıntı işi İranın Neft Nazirliyinin diqqətindədir.
İran 2014-cü ildə Xəzər dənizinin dərin sularında qazıntı işini dayandırıb.