...

Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi və Ermənistanda neofaşizmin təbliği

Siyasət Materials 9 May 2025 22:35 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Dünya Müharibəsinin əsas siyasi nəticəsi faşizm üzərində qələbə oldu. Azərbaycan əldə olunan ümumi və böyük qələbəyə xüsusi töhfə verib. Belə ki, o dövrdə 3.4 milyon əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili xatırladıb ki, cəbhə xətti Bakıdan keçməyib, burada hərbi əməliyyatlar aparılmayıb, lakin insanların arxa cəhbədəki fədakarlığı ön cəbhə qədər əhəmiyyətli olub:

“Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80%-ni, hərbi texnika üçün yağların 96%-ni tədarük edib. Müharibə illərində Bakı neftçiləri gecə-gündüz dörd növbə ilə çalışaraq, cəbhəni neft məhsulları və yüksək keyfiyyətli yanacaqla fasiləsiz təmin etmək üçün fədakar mübarizə aparırdılar.

Müharibə illərində ümumilikdə 75 milyon ton neft hasil edilib ki, bu da bütün sovet neftinin 3/4 hissəsini təşkil edirdi. 1940-cı ildə Bakıda SSRİ-də istehsal olunan bütün yüksək dərəcəli aviasiya benzininin 80 %-ə qədəri, ümumittifaq kerosinin 90%-i, sürtkü yağlarının 96%-i istehsal olunurdu. Cəbhəyə lazım olan bütün yanacaq yalnız Bakıdan gəlirdi. Mühribənin gedişində böyük yanacaq itkisinə baxmayaraq, onun Bakıdan axını dayanmadı”.

Deputat vurğulayıb ki, İkinci Dünya müharibəsində qələbəyə töhfə verən ata-babalarımızın yetirmələri müstəqil Azərbaycanın suverenliyi uğrunda da canlarından keçdilər.

“Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük qələbəyə imza atdı və Cənubi Qafqaz regionunda erməni faşizminin başını əzdi. Bütün bu reallıqlar fonunda diqqət çəkən və təəssüf doğuran bir məqam Ermənistanda neofaşizmin təbliğidir. Erməni faşizminin ideoloqu Qaregin Njdeyə İrəvanda qoyulan abidə faşizmin açıq şəkildə təbliğatıdır. Günahsız azərbaycanlıları və türkləri, İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirən cəllada abidə qoyulması, qəhrəmanlaşdırılması bütün liberal dəyərlərə ziddir”, - deyə K.Nurullayeva qeyd edib.

Milli Məclisin deputatı Şahin Seyidzadə isə Trend-ə açıqlamasında deyib ki, bu tarixi zəfərdə Azərbaycan xalqı həm cəbhədə, həm də arxa cəbhədə misilsiz qəhrəmanlıq və fədakarlıq göstərib:

“İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti Sovet İttifaqının müdafiə sənayesinin və cəbhənin təminatında həlledici rol oynayıb. 1941-1945-ci illərdə SSRİ-də istifadə olunan neft məhsullarının təxminən 75-80 faizi məhz Azərbaycandan təmin olunurdu. Bakı nefti tankları, təyyarələri və hərbi maşınları işlək vəziyyətdə saxlayan əsas yanacaq mənbəyi idi. Hətta Adolf Hitlerin Şərqə hücum planında Bakının neft yataqları xüsusi strateji hədəf kimi göstərilirdi. Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində müharibə dövründə istehsal dayanmadı, əksinə daha da gücləndirildi”.

Millət vəkili vurğulayıb ki, tarixə hörmət və onu saxtalaşdırmamaq çağırışları bu gün də aktuallığını qoruyur:

“Faşist cəlladların qəhrəman kimi təqdim olunması beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir. Ermənistanda İrəvanın mərkəzində faşistlərlə əməkdaşlıq edən və minlərlə günahsız insanın ölümündə əli olan Qaregin Njdeyə abidə ucaldılması bunun bariz nümunəsidir. Bu cür addımlar tarixi yaddaşın təhqiridir və qlobal dəyərlərlə ziddiyyət təşkil edir”.

Deputat əlavə edib ki, Azərbaycan xalqı yalnız İkinci Dünya müharibəsində deyil, müasir tarixdə də öz ərazi bütövlüyü və ədalət naminə böyük zəfər qazanıb:

“2020-ci ildə aparılan Vətən Müharibəsi nəticəsində ölkəmiz 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad edib və beynəlxalq hüququn bərpasına nail olub. Bu zəfər də xalqımızın əzmini, birliyini və haqq uğrunda apardığı mübarizəni əks etdirir.

Bu gün İkinci Dünya müharibəsində qazanılan qələbə anılarkən, tarixə düzgün münasibət, qəhrəmanlara ehtiram və tarixi saxtalaşdıran cəhdlərə qarşı sərt mövqe göstərmək əsas vəzifələrdəndir. Azərbaycan həm bu tarixi yaddaşı qorumaqda, həm də çağdaş qəhrəmanlıq salnaməsini yazmaqda qürurla irəliləyir”, - deyə Ş.Seyidzadə fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti