...

Almaniyada psixiatriya xəstəxanasında iğtişaşçılar təslim olublar (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 10 May 2025 22:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində yerləşən Bedburq-Hau icmasındakı məhkəmə psixiatriya xəstəxanasında iğtişaş baş verib.

Trend-in “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, əvvəllər cinayət törətmiş və psixiatriyada saxlanılan şəxslər xəstəxana binasında barrikada quraraq od yandırıblar. Hadisə təhlükəli vəziyyət yaradıb və dərhal əraziyə çoxsaylı hüquq-mühafizə qüvvələri cəlb olunub.

Polis qüvvələrinin geniş şəkildə əraziyə toplaşdığını görən iğtişaşçılar təslim olmağa məcbur olublar. Ardınca xüsusi təyinatlılar binada axtarış aparıblar.

Hadisənin detalları, yaralananların olub-olmadığı və təhlükəsizlik tədbirləri ilə bağlı əlavə məlumat verilməyib.

XXX

19:18

Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal torpağının Bedburq-Hau icmasında yerləşən psixi pozuntuları olan cinayətkarlar üçün klinikada üsyan baş verib.

Trend xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı bir pasiyent nəzarəti itirərək barrikada qurub. Onun sərxoş olduğu və olduqca aqressiv davrandığı qeyd edilir. Hələlik bu şəxsin ciddi mühafizə olunan zonada alkoqolu necə əldə etdiyi məlum deyil.

Sonradan digər pasiyentlər də ona qoşularaq üsyana başlayıblar. Onlar maneələr qurub, əraziyə od vurmağa cəhd ediblər. Polis üsyançıların sayının beş nəfər olduğunu ehtimal edir.

Hazırda digər pasiyentlərin təxliyəsi istiqamətində iş aparılır. Üsyançıların klinika əməkdaşlarını və ya digər pasiyentləri girov götürüb-götürmədiyi hələlik məlum deyil.

Hadisə yerinə bütün regiondan xüsusi polis qüvvələri, o cümlədən girovgötürmə hallarına qarşı ixtisaslaşmış bölmələr cəlb olunub. Klinikanın yaxınlığında zirehli texnikalar yerləşdirilib, xüsusi təyinatlılar helikopterlə əraziyə gətirilib.

Xəbər lenti

Xəbər lenti