Bakı. Trend:
Bakıda Dünya Neft və Qaz Kuboku-2025 beynəlxalq minifutbol turnirinə start verilib.
Trend xəbər verir ki, ilk dəfə keçirilən bu mötəbər yarış Falcon Luxury Travel (Azərbaycan) və Success Sport (Oman) şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Turnirə mayın 12-də yekun vurulacaq.
Yarışda Asiya, Afrika və Avropanı təmsil edən aparıcı neft və qaz şirkətləri mübarizə aparır. Açılış mərasimində bir sıra rəsmi şəxslər və şirkət rəhbərləri iştirak edib. Rəsmi açılışı Təşkilat Komitəsinin üzvü və Hakimlər Komitəsinin rəhbəri Camal Əl-Qandur həyata keçirib və rəmzi lentkəsmə mərasimi baş tutub.
Turnir iki kateqoriyada keçirilir: Elit və Master. Master kateqoriyası 40 yaşdan yuxarı oyunçular üçün nəzərdə tutulub. Hər oyun 15 dəqiqəlik iki hissədən ibarətdir.
Elit kateqoriyasında bu komandalar yarışır:
SOCAR
SOCAR-KBR
Azəriqaz
Azfar Group (Azərbaycan)
Petroleum Development Oman
OQ Group (Oman)
Vien Group (Almaniya)
Master kateqoriyasında isə bu komandalar yer alıb:
ENPPI (Misir)
Vien Group (Almaniya)
Azfar Group (Azərbaycan)
Petroleum Development Oman
Abraj Energy (Oman)
Təşkilat Komitəsinin sədri Əli Əl-Maani turnirin uğurla başlamasından məmnunluq ifadə edib. O bildirib ki, bu tədbir gələcəkdə daha geniş iştirak və inkişaf üçün qlobal neft və qaz şirkətləri arasında mühüm şəbəkələşmə platformasına çevriləcək. Əl-Maani, xüsusilə Körfəz ölkələri və digər regionlardan gələcək buraxılışlarda iştirakın artırılması üçün səylərin davam etdiriləcəyini də qeyd edib.
Qeyd edək ki, turnirin oyunları “ASK Arena” stadionunda keçirilir.