Bakı. Trend:
Sudanın Qərbində yerləşən Şimali Kordofan əyalətinin Əl-Obeyd şəhərindəki mərkəzi həbsxanaya pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində azı 20 məhbus ölüb, 50 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində bütün həlak olan və yaralananlar məhbuslardır. Hökumət nümayəndəsi Xalid Əli Əleysir baş verənlərə görə Çevik Reaksiya Qüvvələrini (ÇRQ) ittiham edib.
“Bu, sudanlı mülki şəxslərə qarşı silahlı qrupların törətdiyi cinayətlərin uzun siyahısına əlavə olunan tammiqyaslı hərbi cinayətdir”, – deyə o bildirib. Onun sözlərinə görə, ÇRQ şənbə günü səhər saatlarında Əl-Obeyd şəhər xəstəxanasına da PUA ilə zərbə endirib.
Hadisənin şahidlərindən biri "Xinhua"ya bildirib ki, həbsxanaya üç dronla təxminən beş raket atılıb və onlardan üçü birbaşa binaya düşüb. Hazırda ərazidə xilasetmə işləri davam edir.