Bakı. Trend:
Konqo Demokratik Respublikasının şərqində yerləşən bir kənddə baş verən dağıdıcı sel nəticəsində 104 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hadisə Cənubi Kivu əyalətində, Tanqanika gölünün sahilində yerləşən kənddə qeydə alınıb. Uzaq bölgədə günlərlə davam edən güclü yağışlar nəticəsində Kasaba çayı daşaraq ətraf yaşayış məntəqələrini su altında qoyub.
Suyun qəfil qəsəbəyə dolması həm yerli sakinləri, həm də rəsmiləri hazırlıqsız yaxalayıb. Təbii fəlakətin baş verdiyi Fizi bölgəsinin inzibatçısı Semmi Kalonji 104 nəfərin həyatını xilas etməyin mümkün olmadığını, 28 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Hadisə ilə bağlı axtarış-xilasetmə işləri davam edir.