Bakı. Trend:
İran və ABŞ arasında dolayı şəkildə təşkil olunan danışıqların 4-cü raundunda çox faydalı müzakirələr aparıldığını söyləmək olar.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi İran mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, müzakirələrin 4-cü raundunda iki tərəf artıq ümumi məsələlərdən keçərək detallara daxil olub. Belə bir şəraitdə müzakirələr daha da mürəkkəbləşir.
Araqçi bildirib ki, iki tərəf müzakirələrdə bir-birinin mövqeyini daha yaxşı anlayır. İxtilaflı məsələlərin əksəriyyəti haqda danışıqlar aparılıb, daha çox cəhətlər açılıb. Demək olar mövqelər yaxınlaşıb.
“Fikrimcə müzakirələri irəliyə doğru qiymətləndirmək mümkündür. Biz müzakirələrin davam etməsini qərara aldıq. Hər iki tərəf növbəti raund haqda razılığını bildirib. Lakin məkanı və zamanı Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidi tərəfindən müəyyənləşəcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, 12, 19, 26 aprel və 11 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 4 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.