Bakı. Trend:
ABŞ Dəniz Piyadaları Korpusu şənbə günü Yaponiyanın cənubundakı İvakuni Hərbi Hava Bazasına beşinci nəsil F-35B qırıcı təyyarələrindən ibarət eskadron yerləşdirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun hesabatında bildirilir.
Yeni eskadron Yaponiyanın Honsyu adasında yerləşən bazada ABŞ Hərbi Hava Qüvvələrinin mövcud imkanlarını tamamlayacaq.
Bəyanatda qeyd olunur ki, bu yerləşdirmə ABŞ-Yaponiya Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi çərçivəsində Dəniz Piyadaları Korpusunun əməliyyat hazırlığını qoruyub saxlamasına xidmət edir.
Bundan əlavə, ABŞ 2026-cı ilin yazında Honsyunun şimalındakı Misawa aviabazasına 48 ədəd F-35A qırıcısı göndərməyi planlaşdırır. Bu təyyarələr bazada hazırda yerləşən F-16-ları əvəz edəcək.