...

Keniyada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı iclas keçirilib (FOTO)

Siyasət Materials 11 May 2025 12:32 (UTC +04:00)
Keniyada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı iclas keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə 9 mayın tarixində, Keniyanın Mombasa şəhərində keçirilən Afrika dövlətlərinin Keniyadakı diplomatik missiya rəhbərlərinin illik toplantısı keçirilib.

Azərbaycanın Keniyadakı səfirliyinindən Trend-ə verilən məlumata görə, Azərbaycanın bu ölkədəki səfiri Sultan Hacıyev xüsusi qonaq statusu ilə toplantıda iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın 2026-cı ilin 18-22 may tarixlərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunan iclas təşkil olunub.

Səfir Sultan Hacıyev iclasda iştirak edən Afrika dövlətlərinin 60-dan çox yüksək vəzifəli rəsmi və diplomatik missiya rəhbərlərinə WUF13-ün hazırlıq prosesləri, foruma ev sahibliyi çərçivəsində Azərbaycanın qlobal hədəfləri və prioritetləri barədə məlumat verib. Afrika dövlətləri ilə əməkdaşlığa Azərbaycan Hökumətinin göstərdiyi diqqət və əməkdaşlıq perspektivləri haqqında fikirlərini bölüşüb. Ölkəmizin dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformaları arasında əlaqənin inkişafı üzrə fəaliyyətində qətiyyətli mövqeyi vurğulanıb. Səfir COP29 çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin irəli sürdüyü “MAP” təşəbbüsünün (Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları) əhəmiyyətinə və bu əsasda təsis olunan Bakı Davamlılıq Koalisiyasının COP və WUF platformaları arasında sinerjinin təmin olunması baxımından çoxtərəfli əməkdaşlıqda vacib məqamlarına diqqəti cəlb edib.

İclasda WUF13-ü təbliğ edən video-təqdimat və müasir Azərbaycanın qazandığı nailiyyətləri, 2020-ci il şanlı Zəfərin nəticələrini, postmünaqişə dövründə innovativ şəhərsalma trendlərinə uyğun, milli imkanlar hesabına genişmiqyaslı bərpa-yenidənqurma işlərini və “Böyük Qayıdış” proqramını özündə əks etdirən video-çarx nümayiş olunub. Tədbir iştirakçılarına işğaldan azad olunan ərazilərdə basdırılmış minaların insan tələfatına səbəb olması və humanitar minatəmizləmə fəaliyyəti barədə məlumatlar təqdim edilib.

​Afrikanın əksər dövlətlərinin təmsil olunduğu iclasda Azərbaycanın beynəlxalq təşəbbüs və töhfələri barədə verilən məlumatlar rəğbətlə qarşılanıb. Bakı şəhərinin WUF13-ə ev sahibliyi etməsi ilə Azərbaycanın qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevriləcəyinə inam ifadə olunub.

İllik toplantı iştirakçılarına WUF13-ün ev sahibi adından ziyafət təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti