...

Əmlak Məsələləri Dövlət Xidmətinin büdcəyə ödəmələri 40%-dən çox artıb

İqtisadiyyat Materials 12 May 2025 12:50 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Xidmətinin büdcəyə ödəmələri 40%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində 14 hərrac keçirilib.

Dövlət xidmətindən Trend-ə verilən məlumata görə, hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bildirilib ki, bu ilin ilk 4 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.

Vurğulanıb ki, cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 51,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 4 ayı ərzində 190-ı qeyri-yaşayış, 1.254-ü isə torpaq sahələri üzrə olmaqla 1.444 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım qeydə alınıb.

Beləliklə, 2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 66,4 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti