Bakı. Trend:
Bolqarıstanın prezidenti Rumen Radev ölkənin Avrozonaya daxil olması məsələsi ilə bağlı ümummilli referendum keçirməyi təklif edib.
Trend xəbər verir ki, bu haqda Bolqarıstanın BTA agentliyi məlumat yayıb.
“Bir prezident olaraq, mən ona əminəm ki, vahid Avropa valyutasının tətbiqi inandırıcı milli konsensus əsasında həyata keçə bilər və bilməlidir də”, - deyə Radev bildirib.
Nəşr qeyd edir ki, bolqar lider vətəndaşlara sualı bu şəkildə ünvanlayıb:
“Siz Bolqarıstanın 2026-cı ildə Avropanın vahid avro valyutasına keçidinə razısınızmı?”
Avrozona Avropa İttifaqının (Aİ) 20 üzv dövlətindən ibarət bir iqtisadi və monetar birlikdir. Bu dövlətlər milli valyutalarını avro (€) ilə əvəz edərək vahid pul siyasəti və iqtisadi əlaqələndirmə çərçivəsində birləşiblər.
Qeyd edək ki, Avrozona hazırda aşağıdakı 20 Aİ üzv dövlətlərindən ibarətdir: Avstriya, Belçika, Xorvatiya, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya.