Bakı. Trend:
Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 887 nəfər (559 qadın və 328 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 679 nəfər imtahanda iştirak edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 186 nəfər, magistratura – 180 nəfər, doktorantura – 83 nəfər) üstünlük təşkil edir.
"Sınaq imtahanı iştirakçıları arasında xarici ölkə vətəndaşları da var.
ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Azərbaycan dili Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq", - deyə məlumatda əlavə edilib.
Qeyd edək ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.
Qeydiyyat və imtahanda iştirak etmək üçün keçid: https://portal.dim.gov.az/azdili/