Bakı. Trend:
Azərbaycan reallıqlarının təbliği istiqamətində fəallıq göstərən avstraliyalı vəkil Steven Blyth Şuşa şəhərinə səfər edib. Səfərdə məqsəd işğaldan azad olunmuş ərazilərdəki qədim Azərbaycan tarixinə məxsus mədəni abidə və tikililərlə tanışlıq və erməni vandalizminin əyəni şahidi olmaqdır.
Trend-in yerli müxbiri xəbər verir ki, əvvəlcə Cıdır düzünə avstraliyalı vəkil oradan açılan gözəl mənzərəni seyr edib.
Steven Blyth sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər ağa Məscidi, Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Xan sarayı, qala divarları ilə tanış olub.
Dövlət Qoruğu İdarəsinin əməkdaşı tərəfindən ona Şuşanın tarixi, şəhərdəki abidələr barədə məlumat verilib.
Qeyd edilir ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.