Şuşa.Trend:
Azərbaycanın azad olunmuş ərazilərinin bərpası işləri çox sürətli templərlə gedir.
Bunu Trend-ə avstraliyalı hüquqşünas Stiven Blayt (Steven Blythe) Qarabağa etdiyi səfər zamanı bildirib.
“Mənim hüquq və coğrafiya sahəsində aldığım təhsil, mənə təkcə Ağdamda yox, başqa şəhərlərdə də infrastrukturun planlanması və inşası işlərini qiymətləndirməyimə imkan verir. Biz artıq Xankəndidə olmuşuq, indi isə biz Şuşadayıq. Hər yerdə bərpa işləri aparılır. Lakin bu ərazilərə nəhəng zərbə vurulub.
Çox şeyi sıfırdan bərpa etmək lazım gəlir, bəzi obyektləri isə ümumiyyətlə bərpa etmək mümkünsüzdür. “Lakin son iki günü Şuşada keçirərkən dağıntıların miqyasını və bu torpaqları dirçəltmək üçün Azərbaycan xalqının göstərdiyi inanılmaz səyləri öz gözlərimlə gördüm. İnsanlar həm gündüz, həm də gecə çalışırlar. Bərpa prosesi elə bir sürətlə gedir ki, bu, adamı heyran edir,” – deyə o bildirib.
Blayt bir neçə ildən sonra bu şəhərləri tam bərpa olunmuş, çiçəklənən vəziyyətdə görəcəyinə, sakinlərinin isə normal həyata qayıdacağına əminlik ifadə edib.
Onun sözlərinə görə, infrastrukturun inkişafına, torpaqlardan səmərəli istifadəyə və davamlı irəliləyişə yönəlmiş resurslara sahib olan proqressiv bir ölkə təəsüratı yaradır.