Bakı.Trend:
Sabah İtaliyanın paytaxtı Roma şəhərində Bakı Təşəbbüs Qrupu və
Fransa müstəmləkəçiliyindən əziyyət çəkən və Korsikanın
müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə
təşkilatçılığı ilə “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika
üçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək.
Trend xəbər verir ki,
konfransda “Nazione” hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin
İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri,
dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Azərbaycan
Respublikasının Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına
Dəstək Qrupunun üzvü iştirak edəcək.
Konfrans çərçivəsində Fransa müstəmləkə siyasətindən əziyyət çəkən
Korsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi,
hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə
ediləcək.
Bu xüsusda, tədbirdə milli kimliyin və Korsika dilinin rəsmi
statusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının öz
müqəddəratını təyin etmək hüququnun təmin edilməsi, BMT və digər
beynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq,
müstəqillik perspektivləri təhlil olunacaq.
Tədbirin yekununda mətbuat konfransının keçirilməsi nəzərdə
tutulur.
