Bakı. Trend:
Ötən gün Azərbaycanda istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının formalaşdırılması, həmçinin qiymətli metallar və qiymətli daşlar sahəsində texniki tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə bir sıra yeni dövlət standartları qəbul edilib.
Sonuncu qəbul edilmiş standart — “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən hazırlanmış və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənmiş AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” adlı dövlət standartıdır.
Qeyd olunan standart, qızıl və onun əsasında hazırlanmış ərintilərin kimyəvi tərkibini, markalanma qaydalarını və istehsal prosesində tətbiq olunacaq texniki tələbləri müəyyən edir. Bu sənəd bir tərəfdən məhsulun orijinallığı və tərkibi üzrə dəqiq texniki norma formalaşdırır, digər tərəfdən isə istehsal və satış proseslərində vahid keyfiyyət tələblərinin tətbiqinə şərait yaradır.
Keyfiyyət meyarlarının və normativ tələblərin müəyyənləşdirilməsi bazar iştirakçıları və istehlakçılar üçün hansı nəticələrə səbəb ola bilər?
Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov Trend-ə açıqlamasında deyib ki, bu kimi standartların tətbiqi ölkədə zərgərlik məhsullarının keyfiyyətinin yüksəldilməsinə, istehlakçıların hüquqlarının qorunmasına, eləcə də istehsalçıların fəaliyyətində şəffaflığın və rəqabətqabiliyyətliliyin təmin olunmasına xidmət edir.
Onun sözlərinə görə, keyfiyyət meyarları və normativ tələblərin müəyyənləşdirilməsi zərgərlik sahəsində fəaliyyət göstərən bütün bazar iştirakçıları üçün şəffaf və vahid fəaliyyət prinsiplərinin formalaşdırılmasına xidmət edir: “Belə normativ baza, ilk növbədə, istehsal proseslərində texniki sabitliyin təmin olunmasına, məhsulun tərkibinin və istehsal mərhələlərinin standartlaşdırılmış, eləcə də nəzarət olunan şəkildə həyata keçirilməsinə imkan yaradır.
Standartların tətbiqi keyfiyyətli zərgərlik məmulatlarının istehsalına şərait yaradır və zərgərlik sahəsində fəaliyyət göstərən istehsalçıları məhsulun tərkibinə dair norma və qaydalara riayət etməyə təşviq edir. Bununla paralel olaraq, istehlakçılar məhsulun həqiqiliyi və keyfiyyət göstəriciləri barədə etibarlı və rəsmi mənbəyə əsaslanan məlumat əldə etmək imkanı qazanırlar”.
Milli Standartlaşdırma Proqramı çərçivəsində “Qiymətli metallar və qiymətli daşlar” sahəsində hansı təşəbbüslər həyata keçirilir?
R. Əmircanov xatırladıb ki, Milli Standartlaşdırma Proqramına daxil edilməsi məqsədilə “Qiymətli metallar və qiymətli daşlar” sahəsində fəaliyyət göstərən Texniki Komitənin müəyyən etdiyi istiqamətlər əsasında bir sıra yeni dövlət standartı layihələri hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub və müvafiq prosedurlara uyğun şəkildə Proqrama daxil edilib: “Hazırlanmış layihələr qiymətli metalların tərkibinə, zərgərlik məhsullarının texniki və keyfiyyət göstəricilərinə, markalanma, çeşidləmə və laborator yoxlama qaydalarına dair normativ tənzimləmələri əhatə edir. Bu sənədlər həm daxili bazarın tənzimlənməsi, həm də beynəlxalq ticarətdə rəqabətqabiliyyətli məhsulların təmin edilməsi baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, Texniki Komitənin fəaliyyət planında gələcək illər üçün yeni standart layihələrinin hazırlanması da nəzərdə tutulur”.