...

6 yaşa qədər uşaqların təxminən 40–60%-də fizioloji düz ayaqlılıq mövcuddur - SN

Cəmiyyət Materials 9 İyul 2025 15:26 (UTC +04:00)
6 yaşa qədər uşaqların təxminən 40–60%-də fizioloji düz ayaqlılıq mövcuddur - SN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Tədqiqatlar göstərir ki, 6 yaşa qədər uşaqların təxminən 40–60%-də fizioloji düz ayaqlılıq mövcuddur.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” yayımında nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva deyib.

O bildirib ki, bu faiz yaş artdıqca azalır və 10 yaşa çatdıqda əksəriyyəti tam formalaşmış tağlara malik olur.
Onun sözlərinə görə, Avropa pediatriya araşdırmasında qeyd olunub ki, artıq çəkisi olan uşaqlarda düz ayaqlılıq daha davamlı olur və bu, ayağa düşən təzyiqin artması ilə əlaqələndirilir:

“Eyni zamanda, aktiv həyat tərzi keçirən uşaqlarda düz ayaqlılığın öz-özünə düzəlmə ehtimalı daha yüksəkdir. Düzdabanlığın səbəbləri müxtəlif ola bilər. Ən yayılmış forması fizioloji düz ayaqlılıqdır — yəni inkişaf prosesi ilə bağlı olaraq müvəqqətidir. Digər səbəblərə isə genetik meyillilik, əzələ zəifliyi və bağların elastikliyi, sürətli boy artımı, artıq çəki, neyromuskulyar xəstəliklər (serebral iflic kimi), travmalar və ya yanlış ayaqqabı seçimi daxildir. Bəzi hallarda düz ayaqlılıq ikincil olaraq sinir və əzələ sistemi problemlərinə bağlı da inkişaf edə bilər. Bu zaman daha dərin tibbi qiymətləndirmə və çoxşaxəli müdaxilə tələb olunur”.

A.Musayeva bildirib ki, düzdabanlıq— ayaq tağının olmaması və ya zəif inkişaf etməsi ilə xarakterizə olunur:

“Uşaqlarda bu vəziyyət daha çoxdur və adətən fizioloji, yəni normal inkişafın bir hissəsi kimi qiymətləndirilir. Əksər hallarda 0–5 yaş arasında uşaqlarda düz ayaq müşahidə olunur. Bu yaş dövründə ayaq əzələləri və bağ toxumaları hələ tam formalaşmadığı üçün tağ görünməyə bilər. Bu, böyüdükcə — xüsusilə 6–7 yaşda — təbii şəkildə düzəlir. Lakin bəzi hallarda düz ayaqlılıq patoloji xarakter daşıya və uşağın gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilər. Əgər uşaqda ayaqlarda və ya topuqda ağrı, qısa müddətdə yorğunluq, balanssızlıq və tez-tez yıxılma, ayaqqabının qeyri-bərabər aşınması müşahidə olunursa, bu zaman ortopedik qiymətləndirmə vacibdir”.

Fizioterapevt qeyd edib ki, ortopedik içliklər, ayaq əzələlərini gücləndirən məşqlər və ayaqyalın gəzinti kimi konservativ müalicə üsulları vəziyyəti yüngülləşdirməyə kömək edə bilər:

“Ciddi və ağrılı hallarda isə fizioterapiya və nadir hallarda cərrahi müdaxilə tələb oluna bilər. Mütəxəssislər vurğulayır ki, simptom olmayan düz ayaqlılıq çox zaman müdaxiləyə ehtiyac duymur və sadəcə müşahidə kifayətdir. Amma ağrı və diskomfort varsa, erkən müdaxilə uşağın gələcəkdə daha ciddi ortopedik problemlərlə üzləşməsinin qarşısını ala bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti