...

İran parlamentində İsrail və ABŞ-dən kompensasiya alınması məqsədilə layihə hazırlanır

Dünya xəbərləri Materials 9 İyul 2025 17:25 (UTC +04:00)
İran parlamentində İsrail və ABŞ-dən kompensasiya alınması məqsədilə layihə hazırlanır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamentinin bir qrup deputatı İrana hərbi hücumlar səbəbi ilə İsrail və ABŞ-dən kompenasiyanın alınması məqsədilə hökumətin məsələni hüquqi cəhətdən izləməsini tələb edən layihə hazırlayır.

Trend-in məlumatına görə, bunu İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudərzi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu layihəyə əsasən İran hökuməti beynəlxalq dairələrdə və məhkəmələrdə İsrail və ABŞ əleyhinə rəsmi şikayət irəli sürməli və İrana qarşı 12 günlük hücumlara görə kompensasiya tələb etməlidir.

Qudərzi deyib ki, bu layihə İran vətəndaşlarının hüquqlarının müdafiəsi və açıq-aşkar təcavüz qarşısında hüquq diplomatiyasının gücləndirilməsi məqsədilə hazırlanıb və tezliklə parlamentin gündəliyinə daxil ediləcək.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti