...

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib (FOTO)

Cəmiyyət Materials 9 İyul 2025 18:47 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 66-cı iclası başlayıb.

Bu barədə Trend-ə agentlikdən məlumat verilib.

İclasda ÜƏMT-nin Baş direktoru Daren Tanqın məruzəsi dinlənilib. Baş direktor yaradıcı iqtisadiyyatın (kreativ iqtisadiyyat) iqtisadi töhfəsinin daha da artırılması, onun həcmini daha dəqiq və davamlı şəkildə ölçmək məqsədilə ÜƏMT tərəfindən hazırlanmış yeni modelin bir neçə ölkədə, o cümlədən Azərbaycanda uğurla sınaqdan keçirildiyini qeyd edib. Vurğulayıb ki, ÜƏMT müvafiq sahədə fəaliyyətini bundan sonra da genişləndirəcək.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Baş Assambleyanın iclasına onlayn rejimdə qoşulub.

Agentliyin rəhbəri vurğulayıb ki, Azərbaycanda həyata keçirilən islahatlar “Azərbaycan 2030” və 2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq, yaradıcı sahibkar və rəqabətqabiliyyətli bazarlarla yanaşı, innovasiyaları dəstəkləyən əqli mülkiyyət prioritet sahə kimi müəyyən edilib.

K.İmanov inzibati prosedurların rəqəmsal əsasda transformasiyasının nəticəsi olaraq yaranan və ÜƏMT-nin IPAS (Industrial Property Administration System) sistemi ilə inteqrasiya olunmuş milli PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) platformasının “bir pəncərə” prinsipi üzrə iddiaçılarla təmassız əlaqəni, 24/7 rejimində istənilən məkandan onlayn müraciət və ofislə rəqəmsal məkanda qarşılıqlı fəaliyyəti təmin etməsi barədə məlumat verib. Qeyd edib ki, reyestrlərin açıq olması, 3D formatın tətbiqi, patent analitikası, iddia sənədlərinin baxılma müddətinin azaldılması, süni intellektin tətbiqi ilə iddia sənədlərinin verilməsi imkanları və ixtiraçılıq, patent aktivliyinin artması işğaldan azad olunmuş ərazilərdə yaradılan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları ilə bağlı xüsusi əhəmiyyət daşıyır.

“Biz Daren Tanqın əqli mülkiyyətin təcrid olunmuş hüquqi sahə kimi deyil, əksinə, qeyri-maddi aktivlər portfeli kimi qəbul etmək lazım olduğu fikrini dəstəkləyirik”, - deyə Kamran İmanov bildirib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K. İmanovun fikrinə əsasən, əqli mülkiyyətin yenidən dərk edilməsi zamanı əqli mülkiyyət yalnız müstəsna hüquqlar kimi deyil, ilk növbədə, hüquqi-mühafizə ilə təmin olunmuş əqli fəaliyyət nəticələri kimi başa düşülür. Bu da əqli mülkiyyət institutunun hüquqi çərçivə ilə yanaşı, iqtisadi əhəmiyyət və sosial-mədəni təsir baxımından kompleks şəkildə dəyərləndirilməsini tələb edir.

K.İmanov sonda patent və müəllif hüququ sahələrinin qarşılıqlı inteqrasiyasının vacib olduğunu vurğulayıb. K.İmanovun çıxışı yüksək dəyərləndirilib.

Qeyd edək ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova, İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əfsanə Mirzəzadədən ibarət nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin üzvlərinin bir sıra görüşləri və aktual məsələlər üzrə müzakirələri nəzərdə tutulub.

ÜƏMT-yə üzv dövlətlərin Assambleyalarının 66-cı iclası iyulun 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti