Bakı. Trend:
Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Azərbaycana yola salınıb.
Trend xəbər verir ki, yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, diaspor fəalları və uşaqların valideynləri iştirak ediblər.
Azərbaycan səfirliyinin müşaviri Fərid Babayev çıxışında bildirib ki, artıq üç ildən çoxdur ölkəmiz mütəmadi olaraq müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edir, onlara istirahət, müalicə və mənəvi dəstək göstərir. Bu dövr ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunub.
“Bu gün də növbəti qrup Azərbaycana yola düşür və orada onları yeni dostlar, xoş təəssüratlar və Azərbaycan xalqının səmimi qayğısı gözləyir”, – deyə diplomat vurğulayıb.
Ukrayna Milli Qvardiyasının xidmət rəisi Anjela Kravçenko isə bildirib ki, qrupa 9-16 yaş arasında olan 30 ukraynalı uşaq daxildir. Onlar Azərbaycanda müxtəlif reabilitasiya və psixoloji bərpa proqramlarında iştirak edəcəklər.
“Azərbaycan Respublikasına dərin təşəkkürümüzü bildiririk. Bu çətin günlərdə ölkəniz bizə əl uzadaraq uşaqlarımıza qayğı göstərdi. Azərbaycandakı isti münasibət və uşaqların üzündəki sevinc bizim üçün çox dəyərlidir. Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”, – deyə o əlavə edib.