Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,269 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,439 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır. 2024-cü ilin birinci rübündə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,708 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə Qazaxıstandan Azərbaycana 5,165 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 697 min ABŞ dolları, yaxud da 15,8% azalıb. Ötən ilin ilk üç ayında bu məbləğ 6,132 min ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Qazaxıstanın payı 1,1%, xaricdən ölkəyə pul köçürmələrində Qazaxıstanın payı isə 2,3% olub.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.
Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.