...

MİQ imtahanının ilkin nəticələri qaneedicidir?

Cəmiyyət Materials 9 İyul 2025 15:51 (UTC +04:00)
MİQ imtahanının ilkin nəticələri qaneedicidir?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu imtahanlarının ilk mərhələsi bir neçə gündür ki, davam edir. Ötən gün MİQ-in üçüncü günü də başa çatıb.

Maraqlıdır, bəs, MİQ imtahanının ilkin nəticələri qaneedicidir?

Məsələ ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, 2025-ci il üzrə müəllimlərin işə qəbulu imtahanlarının ilk mərhələsi artıq bir neçə gündür ki, davam edir və prosesə baxdıqda müəyyən ilkin nəticələrə əsasən bəzi qiymətləndirmələr aparmaq mümkündür:

“İlk növbədə qeyd etməliyik ki, imtahanlarda iştirak üçün on minlərlə müraciətin olması özü-özlüyündə cəmiyyətin müəllimlik peşəsinə artan marağından xəbər verir. Bu maraq təkcə kəmiyyət yox, keyfiyyət baxımından da diqqətçəkicidir – çünki iştirakçıların əhəmiyyətli hissəsini gənclər təşkil edir. Gənclərin bu peşəyə axını onu göstərir ki, müəllimlik artıq sosial baxımdan nüfuzlu və rəğbət görən bir ixtisasa çevrilməkdədir. İmtahanların təşkili baxımından da bir sıra müsbət məqamlar müşahidə olunur. Prosesi izləyən bir ekspert kimi qeyd edə bilərəm ki, bu ilki MİQ imtahanları texniki və təşkilati baxımdan əvvəlki illərlə müqayisədə daha sistemli və şəffaf şəkildə həyata keçirilir. Kompüterləşdirilmiş imtahan sistemi, sualların eyni fənn üzrə eyni vaxtda verilməsi, testlərin standartlaşdırılması və ümumi texniki təhlükəsizlik tədbirləri imtahanların obyektivliyini təmin edən əsas amillər sırasındadır. Əldə olan ilkin məlumatlara əsasən, davamiyyət səviyyəsi də qənaətbəxşdir – bəzi mərkəzlərdə bu göstərici 80-90% arasında dəyişib. Bu da onu göstərir ki, iştirakçılar imtahanlara ciddi hazırlaşıb və prosesi məsuliyyətlə qarşılayıblar. Bu həm də təhsil sahəsində çalışan və ya çalışmaq istəyən şəxslərin sistemə inamının göstəricisidir”.

Ekspert qeyd edib ki, nəticələrin qaneedici olub-olmamasını təkcə bal göstəriciləri ilə yox, həm də ümumi dinamika ilə qiymətləndirmək lazımdır.

“Yəni təkcə imtahan nəticələrinin yüksək və ya aşağı olması yox, həm də imtahanın təşkilati keyfiyyəti, şəffaflıq, iştirakçı məmnuniyyəti və daha sonra aparılacaq yerləşdirmə mərhələsinin necə aparılması da ümumi mənzərəyə ciddi təsir edən faktorlardır. Bu səbəbdən də ilkin mərhələdə nəticələr ümumən qaneedici sayıla bilər, lakin yekun dəyərləndirmə üçün bütün mərhələlərin tamamlanmasını gözləmək daha doğru yanaşma olar. İmtahanların arxasındakı əsas məqsəd yalnız boş yerləri doldurmaq deyil, eyni zamanda təhsilin keyfiyyətini artıracaq kadrları düzgün seçməkdir. Bu baxımdan imtahanın hər bir detalı – sual keyfiyyətindən tutmuş nəticələrin şərh olunmasına qədər – cəmiyyət üçün həssas və vacibdir.

Sonda onu da qeyd etmək istəyirəm ki, bu cür genişmiqyaslı imtahanların keçirilməsi müəllim peşəsinin cəmiyyətə düzgün təqdimatı, ictimai nüfuzunun formalaşması və keyfiyyətli təhsilin təmin olunması baxımından əhəmiyyətli rol oynayır. Ümid edirik ki, növbəti mərhələlərdə də eyni səviyyədə obyektivlik və sistemlilik qorunacaq və nəticələr də bu səyləri əks etdirəcək”,- deyə Ə. Həsənli əlavə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə Trend-ə bildirib ki, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının 2025-ci il üzrə artıq üçüncü günü başa çatıb və ilkin mərhələdə müşahidə edilən göstəricilər təhsil sistemində insan resurslarının seçimi ilə bağlı aktual problemləri bir daha gündəmə gətirir.

“İmtahan prosesində iştirak edən müəllim namizədlərinin sayında ötən illərlə müqayisədə artım müşahidə olunur. 2024-cü ildə ümumilikdə 63 min nəfər MİQ imtahanına müraciət etmişdisə, bu il bu rəqəm 68 minə yaxınlaşır. Bu isə təhsil sahəsinə marağın artdığını göstərsə də, kəmiyyətin artması keyfiyyətin yüksəlməsi anlamına gəlmir. İmtahanın keçirilməsi qaydaları “Təhsil haqqında” Qanunun 21-ci maddəsinə əsasən müəllimlərin işə qəbulu və ixtisasartırması üzrə normativlərə uyğun olaraq tənzimlənir. Lakin qanunda nəzərdə tutulan “təhsilverənin bilik və bacarıqlarının praktik fəaliyyətdə səmərəli tətbiqinə dair keyfiyyət meyarları” ilə test məzmununun uyğunluğu şübhə doğurur. İmtahanda təqdim olunan sualların bir hissəsi tədris proqramından kənar nəzəriyyəyə əsaslandığından, real pedaqoji fəaliyyətdə tətbiqi mümkün olmayan akademik biliklərlə yüklənib. Bu, xüsusilə fənn kurikulumlarının məzmunu ilə imtahan tapşırıqları arasında ziddiyyət yaratmış olur. Məsələn, ibtidai sinif müəllimliyi üzrə iştirak edənlərin çoxu kurikuluma uyğun davranış və bacarıqların yoxlanmadığını bildirir”,- deyə o əlavə edib.

Kamran Əsədov vurğulayıb ki, eyni zamanda bəzi fənlər üzrə imtahan suallarında texniki qüsurlar və məntiqi uyğunsuzluqlar barədə sosial mediada geniş narazılıqlar yayılıb:

“İştirakçılar arasında keçirilən qeyri-rəsmi sorğular göstərir ki, imtahan iştirakçılarının təxminən 18 faizi imtahanın məzmunu və təşkilinə dair mənfi rəy bildirib. Digər tərəfdən, ötən ilin nəticələrinə əsasən, imtahanda iştirak edənlərin 34 faizi 30-dan aşağı bal toplamışdı. Bu ilin ilkin mərhələsinə dair statistikalar da oxşar göstəriciləri ehtiva edir və bu tendensiya davam edərsə, nəticələrin ümumi səviyyədə yüksəldiyi deyil, stabil qaldığı görünəcək. Müsbət tərəf ondan ibarətdir ki, bu il imtahan müddətinin və cavablandırma formatının bir qədər də sadələşdirilməsi ilə müəllim namizədlərinə daha sərbəst düşünmə imkanı yaradılıb. Həmçinin, riyaziyyat və tarix kimi bəzi fənlər üzrə testlər əvvəlki illərə nisbətən daha funksional və tətbiqyönümlü olub. Bu, Təhsil İnstitutunun yeni formatlı sual nümunələri təqdim etməsi ilə əlaqələndirilir. Müsbət məqamlardan biri də odur ki, bu il bəzi fənlər üzrə ixtisas sualları ilə yanaşı, tədris metodikası ilə bağlı açıq tipli suallara üstünlük verilməsi planlaşdırılıb. Bu isə müəllimin real dərs prosesində qərarvermə və refleksiya qabiliyyətinin qiymətləndirilməsinə şərait yarada bilər”.

Onun sözlərinə görə, dünya təcrübəsinə nəzər yetirdikdə, müəllimlərin seçimində yalnız test üsulu ilə deyil, praktik dərs nümunələri, portfoliolar və müsahibə mərhələləri ilə birgə çoxmərhələli sistemlər tətbiq olunur:

“Məsələn, Finlandiyada müəllim olmaq üçün yalnız akademik testlər deyil, universitet səviyyəsində pedaqoji bacarıq, elmi tədqiqat aparmaq və sinifdə tətbiq imkanları yoxlanılır. Estoniyada isə müəllimlərin seçimi zamanı tədris videosu və fərdi müəllim layihəsi təqdim etmək tələb olunur. Azərbaycanda isə bu cür çoxşaxəli qiymətləndirmə modelləri demək olar ki, mövcud deyil və seçim yalnız test nəticələrinə əsaslanır. Əgər testlər bu şəkildə davam edərsə, nəticələr dəyişməyəcək, çünki müəllimlərin yalnız nəzəri biliyinə fokuslanmaq praktik keyfiyyət göstəricilərini kölgədə qoyur. Dəyişməli olan əsas məsələ imtahanın məzmunu və strukturudur. Bu sistem təkcə bilik yox, bacarıq yönümlü olmalı, tədris metodikası üzrə suallar nəzəriyyədən daha çox real situasiyalarla ölçülməlidir. İmtahandan sonra müsahibə və portfoliolarla davam edən ikinci mərhələ tətbiq olunmalıdır”.

K.Əsədov həmçinin qeyd edib ki, digər vacib dəyişiklik isə imtahan nəticələrinin təhlil edilməsinin ictimai və elmi əsaslarla aparılmasıdır.

“Hər bir fənn üzrə imtahanlardan sonra Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən geniş hesabatların hazırlanması və bu hesabatların açıq müzakirəyə təqdim edilməsi tələb olunmalıdır. İmtahan sisteminin davamlı tənqidlərə məruz qalması, onun legitimliyini və etibarlılığını sarsıdır. Halbuki şəffaflıq və hesabatlılıq gücləndirilsə, sistemə olan inam da artar.

Son nəticə olaraq, bu ilin MİQ imtahanları təkmilləşmə yolunda kiçik addımlar atsa da, əsaslı keyfiyyət dəyişiklikləri hələlik müşahidə olunmur. İmtahan sistemində məzmunun praktikaya yaxınlaşdırılması, beynəlxalq təcrübənin tətbiqi və qiymətləndirmənin çoxmərhələli model əsasında aparılması vacibdir. Əks halda, müəllim seçimi prosesi keyfiyyətli təhsil üçün yetərli zəmanət verə bilməz”,- deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti