Əbu-Dabi. Trend:
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər son illər davamlı inkişaf nümayiş etdirir və bu əməkdaşlıq enerji və investisiyadan tutmuş humanitar sahəyədək geniş spektri əhatə edir. Xüsusilə qlobal iqlim gündəliyi kontekstində tərəfdaşlığın güclənməsi nəzərəçarpacaqdır. Azərbaycan və BƏƏ-nin Braziliya ilə birlikdə COP28, COP29 və COP30 konfranslarının “Üçlüyünə” daxil olması bu sahədə əməkdaşlığı daha da dərinləşdirir.
Enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq: strateji prioritet
Enerji Azərbaycan-BƏƏ əməkdaşlığında əsas sahə olaraq qalır. 2023-cü ilin yayından etibarən BƏƏ-nin milli neft-qaz şirkəti ADNOC "Abşeron" layihəsində 30 faiz payla iştirak edir. 2024-cü ilin mayında isə SOCAR ADNOC-dan SARB (Satah al Razboot) və Umm Lulu yataqlarının işlənməsi layihəsində 3 faiz pay alıb. Bu neft hasilatı layihəsi SOCAR-ın xarici ölkədə hasilat sahəsinə daxil olduğu ilk nümunədir. SARB və Umm Lulu yataqlarının müqavilə sahəsindəki ehtiyatları 1,5 milyard barreldən çoxdur.
Bərpa olunan enerji mənbələrinin inkişafı əməkdaşlıqda xüsusi yer tutur. 2024-cü ilin yanvarında SOCAR və “Masdar” şirkəti bərpa olunan enerji və hidrogen enerjisi sahəsində ümumi gücü 4 GVt olan layihələrin birgə həyata keçirilməsi barədə saziş imzalayıblar. Bu çərçivədə Biləsuvar rayonunda gücü 445 MVt və Neftçala rayonunda gücü 315 MVt olan günəş elektrik stansiyalarının tikintisinə investisiya qoyuluşuna başlanılıb. Bu layihələr üzrə ümumi investisiya həcmi 600 milyon ABŞ dollarını ötəcək.
Masdar şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxovun Bakıda keçirilən “Caspian Oil” and “Gas 2025” tədbirində bildirdiyinə görə, şirkətin Azərbaycandakı ümumi layihə portfeli 2027-ci ilədək 1,2 GVt gücü keçəcək. “Masdar” Azərbaycanda 2018-ci ildən fəaliyyət göstərir və ilk layihəsi 230 MVt gücündəki “Qaradağ” günəş elektrik stansiyası olub. Hazırda şirkət “SOCAR Green” ilə birlikdə 240 MVt gücündə “Abşeron-Qaradağ” KES də daxil olmaqla daha iki layihə həyata keçirir.
Siyasi dialoq və iqlim gündəmi
2025-ci il iyulun 3-də BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in prezidenti Sultan bin Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edib. Bu səfər iki ölkənin iqtisadi məsələlərdə yanaşmalarının oxşarlığını bir daha təsdiqləyib.
Həmçinin 2024-cü ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabi Davamlı İnkişaf Həftəsinin açılış mərasimində iştirak edib və bu da yüksək səviyyəli siyasi əməkdaşlıq və iqlim təşəbbüslərinə dəstəyin göstəricisi olub.
İqtisadi və investisiya əməkdaşlığı
BƏƏ Azərbaycanın iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrin top-beşliyində yer alır. 2024-cü ildə BƏƏ-dən Azərbaycana yatırılan investisiyaların həcmi 490,2 milyon ABŞ dolları təşkil edib. Bu, ölkəyə Azərbaycanın əsas investorları arasında 7 faiz payla 5-ci yeri qazandırıb.
Azərbaycan ilə BƏƏ arasında 2025-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsi 33,2 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45,6 faiz artım deməkdir. Bu müddətdə BƏƏ-yə qeyri-neft məhsullarının ixracı 40,2 faiz artaraq 19 milyon dollar təşkil edib. BƏƏ Azərbaycanın qeyri-neft məhsullarını ixrac etdiyi ölkələr arasında 7-ci yeri tutub.
Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin ilk rübündə fiziki şəxslər tərəfindən BƏƏ-yə edilən pul köçürmələrinin həcmi 18,785 milyon ABŞ dollarına çatıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,1 faiz artım deməkdir.
Fond bazarının inkişafında əməkdaşlıq istiqamətində də irəliləyişlər müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Əbu-Dabi Fond Birjasına səfəri zamanı tərəflər fond bazarlarının inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Birjanın fəaliyyəti ilə bağlı təqdimat keçirilib və bu, iki ölkənin maliyyə sistemlərinin inteqrasiyası üçün yeni perspektivlər açıb.
Humanitar əməkdaşlıq və minatəmizləmə
Əməkdaşlığın mühüm istiqamətlərindən biri humanitar sahədir. 2024-cü ildə BƏƏ öz səfirliyi vasitəsilə Azərbaycanın azad olunmuş ərazilərində minatəmizləmə işləri üçün ANAMA-ya maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi arasında bu məqsədlə Anlaşma Memorandumu imzalanıb. Bu dəstək ANAMA-nın texniki potensialının artırılmasını, avadanlıq alınmasını və mina təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin keçirilməsini nəzərdə tutur.
Nəticə etibarı ilə, Azərbaycan ilə BƏƏ arasında münasibətlər kompleks və yüksələn xətt üzrə inkişaf edir. Əməkdaşlığın əsasını enerji və bərpa olunan enerji sahələri təşkil etsə də, investisiya, ticarət, maliyyə və humanitar əlaqələr də genişlənməkdədir. İqlim gündəliyinə xüsusi önəm verilir və bu sahədə hər iki ölkə qlobal səviyyədə vacib oyunçulara çevriliblər. İmzalanmış sazişlər və həyata keçirilən layihələr nəzərə alınarsa, bu strateji tərəfdaşlığın daha da dərinləşəcəyi gözlənilir və bu həm milli maraqlara, həm də qlobal davamlı inkişaf məqsədlərinə uyğun gəlir.