Bakı.Trend:
Xaçmaz rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Bu barədə Trend-ə Xaçmaz rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tarix-Diyarşunaslıq muzeyindən keçirilən təqdimat məraismində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.
Tədbirdə, həmçinin “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. “Qərbi Azərbaycan İrsi” kitabı təkcə tarixə işıq salmaqla kifayətlənmir, həm də beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu nəşr, Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycanla bağlı aparılan fundamental araşdırmaların ilk mərhələsidir. Kitab “Çikaqo 17” elmi üslubunda hazırlanıb və Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.
Çıxış edənlər belə tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.