...

Azərbaycan və BƏƏ: Strateji tərəfdaşlıqdan güclü iqtisadi və sİyasi əməkdaşlığa

İqtisadiyyat Materials 9 İyul 2025 18:00 (UTC +04:00)
Azərbaycan və BƏƏ: Strateji tərəfdaşlıqdan güclü iqtisadi və sİyasi əməkdaşlığa
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlər 1992-ci ilin sentyabr ayında qurulub. Bu müddət ərzində iki ölkə arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan əlaqələr daim inkişaf edib. Son illərdə isə bu münasibətlər həm siyasi, həm də iqtisadi sahələrdə daha intensiv və strateji xarakter alıb. Hər iki ölkənin rəhbərliyi bu əlaqələrin dərinləşdirilməsində maraqlıdır və ortaq maraqlar çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq genişləndirilir.

Azərbaycan və BƏƏ arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda, xüsusən də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birini dəstəkləyir. BƏƏ Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Qarabağ bölgəsində aparılan yenidənqurma işlərinə maraq göstərib.

Yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin strateji xarakter daşıdığını göstərir. Eyni zamanda, Azərbaycan–Əmirliklər siyasi əlaqələri Yaxın Şərq və Cənubi Qafqaz bölgələrində sabitliyin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

İqtisadi münasibətlər son illərdə daha da genişlənib. BƏƏ Azərbaycanın Körfəz bölgəsində əsas ticarət tərəfdaşlarından biri olub. İkitərəfli ticarət dövriyyəsi ilbəil artır. Azərbaycan əsasən neft-kimya məhsulları, kənd təsərrüfatı məhsulları və qida mallarını BƏƏ-yə ixrac edir, əvəzində isə elektronika, avtomobil hissələri və müxtəlif sənaye məhsulları idxal edir.

2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda 350-dən artıq BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır.

BƏƏ-nin məşhur investisiya şirkətləri, o cümlədən “Mubadala” və “Masdar” Azərbaycanda layihələr həyata keçirir. Xüsusilə “Masdar” şirkəti Azərbaycanın yaşıl enerji gündəliyinə dəstək olaraq bərpa olunan enerji layihələrinə investisiyalar yönəldir. Qaradağda günəş enerjisi stansiyası bu əməkdaşlığın parlaq nümunəsidir. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası da “Masdar” şirkəti tərəfindərn ərsəyə gətirilib.

Bundan əlavə, turizm, tikinti, logistika və informasiya texnologiyaları sahəsində də qarşılıqlı maraqlar və birgə layihələr müşahidə olunur. Dubayda keçirilən “EXPO 2020” sərgisində Azərbaycanın iştirakı və burada milli pavilyonun yaradılması da iqtisadi və mədəni əlaqələrin inkişafına xidmət edib.

Azərbaycan və BƏƏ-nin əməkdaşlığı yalnız cari layihələrlə məhdudlaşmır. Gələcəkdə bu münasibətlərin daha strateji platformaya keçməsi mümkündür. BƏƏ-nin Azərbaycanın tranzit və logistika imkanlarına marağı artmaqdadır. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsi BƏƏ üçün də yeni imkanlar yaradır.

Bununla yanaşı, Azərbaycanın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar BƏƏ investisiyalarının daha da cəlb olunmasına şərait yaradır. Kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, turizm və yaşıl enerji sahələri gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər hesab oluna bilər.

Azərbaycan–BƏƏ siyasi və iqtisadi münasibətləri strateji əməkdaşlıq səviyyəsinə doğru inkişaf edir. Tərəflər arasında qarşılıqlı maraqlar, güclü diplomatik əlaqələr və iqtisadi tərəfdaşlıq bu münasibətlərin uzunmüddətli və davamlı xarakter almasına zəmin yaradır. Mövcud potensial və siyasi iradə gələcəkdə iki ölkə arasında daha geniş və dərin inteqrasiyanın əsasını qoya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti