Bakı. Trend:
İyulun 8-də Fransanın cənubunda, Le Pin-Mirabeau qəsəbəsində baş verən və Marselin şimalını əhatə edən Buş-du-Ron departamentindəki güclü yanğın lokallaşdırılıb.
Trend-in BFMTV-yə istinadən verdiyi xəbərə görə, departamentin prefekturası yanğının qarşısının alındığını bildirib.
Yanğın nəticəsində 97 nəfər yüngül xəsarət alıb, onlardan 24-ü, o cümlədən 6 yanğınsöndürən xəstəxanaya yerləşdirilib. Eyni zamanda, 249 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülüb.
Yanğın ümumilikdə 750 hektar ərazini əhatə edib. Eks-en-Provans prokurorluğu ilkin araşdırmalara əsasən, hadisənin səbəbinin bədbəxt hadisə olduğunu açıqlayıb.
Hadisə nəticəsində 400 nəfər təxliyə edilib, 71 bina – o cümlədən 68 yaşayış binası alovun təsirinə məruz qalıb, onlardan 10-u tamamilə yanıb.
Qeyd edək ki, bu, son günlər Fransanın cənubunda baş verən yeganə böyük yanğın deyil. Aude departamentindəki Narbonna bölgəsində 2000 hektara yaxın sahədə baş verən yanğın hələ də tam söndürülməyib. Ero departamentində isə çərşənbə axşamı baş vermiş yanğının qarşısı alınıb.